Rusiya Ermənistanı silahlandırır: - AZƏRBAYCAN ÜÇÜN TƏHDİD...

 12:44 02.09.2020     465

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın “İnterfaks”a müsahibəsi zamanı Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığının üçüncü ölkələrə qarşı yönəlmədiyini iddia edib. O, Ermənistanın regional təhlükəsizliklə bağlı "məsuliyyətli" iştirakçı olduğunu bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Z. Mnatsakanyanın açıqlamasının gülünc və qeyri-ciddi olduğunu bildirib:

“Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın açıqlaması sadəcə beynəlxalq aləmdə çaşqınlıq yaratmağa yönəlib. Məhz onun hökumətinin başçısı öz bəyanatlarında Ermənistanın işğal altında olan ərazilərin hərbi qarantı olduğunu bildirib. Bu halda Rusiyanın Ermənistana silah satması Azərbaycan üçün birbaşa təhlükədir. Məhz Qarabağda olan separatçı rəhbərlik Ermənistanın himayəsi altında hazırda işğal altında olan ərazilərdədir. Ermənistanın silahlanması separatçı rejimin silahlanması deməkdir, onların da silahlanması bizə qarşı ciddi təhdiddir”.

Politoloq Ermənistanı özünü regional təhlükəsizliklə bağlı "məsuliyyətli" iştirakçı adlandırmasına da münasibət bildirib:

“Regionda işğalçı kimi tanınan, Azərbaycanın 20 faiz ərazisini işğal edən bir ölkənin özünü regional təhlükəsizliklə bağlı "məsuliyyətli" iştirakçı adlandırması çox gülüncdür. Düşünürəm ki, onların bu sözlərini, bəyanatlarını heç bir ölkə ciddiyə almır. Hamı bu bəyanatları boş və mənasız görür. Çünki Ermənistan birbaşa olaraq region üçün təhlükədir”.

Mahir Xəttab \ Redaktor.az