Qalmaqallı tezliklə bağlı nazirlikdən AÇIQLAMA - Ermənistana verilib?

 11:35 11.09.2020     1255

Hər bir ölkə daxilində televiziya və radio proqramlarının maneəsiz qəbulu üçün bu proqramları yayımlayan stansiyalar və onların tezlikləri qonşu ölkələrlə razılaşdırılmaqla Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) müvafiq proseduralar həyata keçirilməklə qeydiyyata alınır. Bu prosedur BTİ-nin sənədləri ilə müəyyənləşdirilən beynəlxalq qaydalarda nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Redaktor.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu prosedurlara uyğun olaraq Azərbaycan ərazisində istifadə olunan radio və televiziya stansiyalarının qeydiyyatı üçün Nazirlik Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət edib.

Bildirilib ki, ancaq BTİ-dən  alınan məlumatlarda Ermənistanın bizim FM radio yayım stansiyalarına etiraz edildiyi bildirilib və onların qeydiyyatı keçirilməyib. Bu vəziyyət uzun illər davam edib və Ermənistan əsassız olaraq Azərbaycanın radio və televiziya stansiyalarının qeydiyyatına əngəllər yaradıb.

Hətta Ermənistan tərəfindən heç bir əsas olmadan Ermənistanla sərhəddən kifayət qədər uzaq məsafədə ( Bakı, Quba, Lənkəran və s.) yerləşən çoxlu sayda FM radio yayım stansiyalarının da BTİ-də qeydiyyatına etirazlar edilib.

Belə bir hal Azərbaycanın efir təhlükəsizliyinə ciddi təhdidlər yaradır,eləcə də ölkədə  hazırda istifadə olunan TV və radio yayım stansiyalarının beynəlxalq qeydiyyata alınmamasına və digər qonşu ölkələr tərəfindən müxtəlif vaxtlarda bizim TV və radio yayımlarına müdaxilələrin yaranmasına səbəb olur.

Ermənistanın qeyri-konstruktiv mövqeyinə cavab olaraq Azərbaycan tərəfi də  Ermənistanın qeydiyyat üçün BTİ-yə göndərdiyi FM radio yayım stansiyalarına etirazlar edib.

Yaranmış vəziyyətlə bağlı müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Xarici İşlər Nazirliyi vasitəsilə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və Radiorabitə Bürosunun direktoruna diplomatik kanallar vasitəsilə məktublar göndərilib və məsələnin həllinə köməklik edilməsi təkidlə xahiş edilib. Həmçinin, məsələ ilə bağlı Azərbaycanın Cenevrədəki Səfirliyinin nümayəndələri tərəfindən BTİ-nin məsul şəxsləri ilə görüşlər keçirilib və Ermənistanın əsassız etirazları onların diqqətinə çatdırılıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının qarşı tərəflə aparılan uzunmüddətli danışıqlarının nəticəsi olaraq, qurumun rəhbər şəxsləri, mütəxəssislərinin vasitəçiliyi və iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb.

Bu müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün BTİ-yə təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub.

Təqdim edilmiş əsaslı sübutlardan sonra Ermənistan tərəfi qarşılıqlı şəkildə etirazların geri götürülməsinə razılıqlarını BTİ-nin məsul şəxslərinə bildirib.

BTİ-nin rəhbər şəxslərinin iştirakı ilə Cenevrə şəhərində keçirilmiş iclasda BTİ-nin məsul şəxslərinin təklifinə əsasən hər iki tərəfdən radioyayım stansiyalarının bir hissəsinə edilmiş etirazların geri götürülməsi qəbul edilib. Ermənistanın sözügedən məsələnin həllinə qeyri-konstruktiv yanaşması, dəfələrlə müzakirələrdən yayınması və yersiz iradların qarşısının alınması üçün görüşün nəticələri BTİ-nin məsul şəxsləri tərəfindən protokollaşdırılıb.

Azərbaycan tərəfi bundan sonra bu protokola uyğun olaraq, Ermənistanın bizim FM stansiyalara edilmiş etirazlarını geri götürülməsini tələb edib və etirazıların geri götürülməsi barədə BTİ-nin rəsmi məlumatını nəzərə alaraq, eyni sayda və bizim yayımlara hər hansı təsir yaratmayacaq Ermənistanın radio stansiyalarına edilmiş etirazın geri götürülməsi barədə BTİ-yə məktub göndərib. 

BTİ-nin məsul şəxslərin iştirakı ilə müxtəlif vaxtlarda keçirilən iclaslar zamanı hər iki tərəfdən eyni sayda olmaqla etiraz edilmiş çoxsaylı stansiyalardan 134 FM radioyayım stansiyalarına (yəni, Azərbaycan tərəfindən 134 FM stansiya və Ermənistan tərəfindən 134 FM stansiya) edilən etirazlar geri götürülüb.

Müvafiq mövzu ilə bağlı Azərbaycan KİV-i vasitəsilə ictimaiyyət məlumatlandırılıb, eyni zamanda NRYTN-nın rəsmi saytında və sosial media hesablarında informasiya yerləşdirilmişdir.

https://mincom.gov.az/az/view/news/929/azerbaycanin-muvafiq-radio-yayim-stansiyalari-beynelxalq-qeydiyyata-alin

Adıçəkilən görüşlərdə Dağlıq Qarabağ ərazisindəki FM radioyayım stansiyaları müzakirə mövzusu olmayıb. Bununla yanaşı qeyd edirik ki, hələdə razılaşdırılmamış  radio yayım stansiyaları qalıb və Ermənistanın əsassız etirazlarının geri götürülməsi üçün aidiyyəti diplomatik kanallarla işlər davam etdirilir və nəticəsi barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim ediləcəkdir.

Qeyd edək ki, keçirilən iclaslarda Azərbaycanın milli maraqları qorunub, haqlı mövqeyi əsaslı sübutlarla təsdiq edilib və ölkənin efir təhlükəsizliyinə mövcud təhdidlərin və müdaxilələrin aradan qaldılırması üçün müvafiq  beynəlxalq normaların bərqərar olunmasına nail olunub. Bu görüşdə guya  tezliklərin təhvil verilməsi və ya satılması kimi azsaylı mətbuatda yayılan fikirlər yanlışdır və əsassızdır. İnformasiyanın bu tərzdə təqdimatı siyasi məqsədlərə yönəlib və əhalini çaşdırmaq üçündür. Təəssüf ki, belə çıxışlar Ermənistanın indiyədək apardığı qeyri-konstruktuv mövqeyinə və hərəkətlərinə haqq qazandırır.

Bir məqamı qeyd edək ki, Dağlıq Qarabağdakı qeydiyyatda olan bütün radiostansiyalar Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın adındadır və bu stansiyalar müzakirə mövzusu ola bilməz. BTİ  BMT-nin qurumudur və Azərbaycanın ərazi bütövlüyü birmənalı qəbul olunduğu üçün ərazilərimiz daxilindəki heç bir stansiya ermənilərin adı altında  beynəlxalq qeydiyyata alına bilməz və bunu biz mütəmadi izləyirik.

Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisinin keçmiş üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə adıçəkilən mövzu ilə bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi müraciət ünvanlamayıb.

Nuranə Daxilqızı / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən