Böyük güclər dünyanı yenidən bölür - "Erməni məsələsi" TƏHLÜKƏSİ...

"Ermənistan Azərbaycanla danışıqların dayandırılmadığı bir vaxtda təxribatlarını davam etdirir. İndi də Livandan erməni əhalinin köçürülməsi ilə məşğuldurlar. Ermənistan hakimiyyəti özlərinə arxayın şəkildə bölgədə yekəbaşlıq etməkdə israrlıdır. Həmsədr dövlətlər isə üzərlərində məsuliyyətin olmasına baxmayaraq, susmaqda davam edirlər".
Redaktor.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov Suriyada və Livanda yaşayan ermənilərin işğal altında olan torpaqlara köçürülməsi ilə bağlı danışarkən deyib. O, bəzi ölkələrin sözügedən məsələyə susma səbəbindən bəhs edib:
“ABŞ niyə sakitdir? – İlk baxışdan belə görünür ki, Vaşinqtondakı hakimiyyətin başı öz daxili işlərinə, seçkilərə qarışıb. İran və Rusiya ilə həmsərhəd olan regionun ABŞ üçün kifayət qədər önəmli olduğunu nəzərə alsaq, deməli, Vaşinqton burada olanlardan xəbərdardır. Hər şey nəzarət altındadır. Susmaq isə, ABŞ ın gələcək müharibə ilə bağlı yeni hədəflərinə uyğundur.
Fransa - Fransa həmsədr dövlətləri içində münaqişə tərəflərinə ən az təsir imkanlarına malik olan dövlətdir. Parisin başı indi Aralıq dənizi və Yaxın Şərqdə baş verənlərə qarışıb. Dünyanın ayrı-ayrı güclər tərəfindən bölüşdürüldüyü bir zamanda, Parisə ayrılacaq pay başqa regionlardadır. Fransa Cənubi Qafqaz və Mərkəzi Asiyadakı proseslərə qarışmayacaq.
Rusiya - Münaqişə ilə bağlı həmişə olduğu kimi ən çox bəyənat verən, proseslərə müdaxilə edən və iştirak edən tərəfdir. Tovuz hadisələrində Rusiyanın Ermənistana verdiyi dəstək göz qabağındadır. Moskva üçün çəkindirici bir qüvvə var - Türkiyə. Əgər Türkiyə olmasaydı, indi Rusiya çoxdan Belarusiya, Qazaxıstandan sonra Cənubi Qafqazı da öz iqtisadi-siyasi-hərbi blokuna qatardı.
Uzun sözün qısası, vəziyyət ciddidir. Düşündüyümüzdən daha ciddi! Geosiyasi güclər arasında bazarlıqlar, "erməni məsələsi" adı altında 100 il əvvəl olduğu kimi planetar güclərin öz maraqlarını reallaşdırmalarının şahidi ola bilərik. Bizim qarşımızda o düşməndir ki, böyüklərin əlaltıları olmalarına öyrəşiblər”.
Mahir Xəttab \ Redaktor.az