Millət vəkili müharibə veteranları və əlilləri ilə görüş keçirib - FOTO

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Qaradağ rayonu filialının bir qrup üzvləri ilə videokonfrans formatında görüş keçirib.
Redaktor.az xəbər verir ki, Milli Məclisin deputatı müharibə veteranları və əlillərini salamladıqdan sonra bildirmişdir ki, müharibə veteranlarına diqqət və qayğı Azərbaycan Respublikası prezidenti və birinci Vitse-presidenti Mehiban xanım Əliyevanın daim diqqət mərkəzindədir. COVID-19 pandemiyasının ölkəmizin iqtisadiyyatına və milli gəlirlərinə ziyan vurmasına baxmayaraq Şəhid ailələləri və müharibə veteranlarının sosial müdafiəsi hökumətin diqqət yetirdiyi prioritet məsələlərdən biridir. Son altı ayda onlara yüzlərlə mənzil və maşınların verilməsi bunun bariz nümunəsidir. Bundan başqa müharibə veteranları və əlillərinin,o cümələdən şəhid və az təminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi də onların həyat şəraitinin yaxşılaşmasına xeyli müsbət təsir göstərmişdir. Veteranlarımız dövlətin bu qayğısını həmişə yüksək qiymətləndirir və dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edirlər.
Görüşdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin Qaradağ rayonu filialının sədri , ikinci qrup müharibə əlili Maqsud Heydərov birliyin üzvlərinin rayonda gənclər arasında hərbi vətənpərvərlik işlərinin aparılmasında, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsində olduqca səmərəli və məqsədyönlü iş aparmaqla yanaşı müntəzəm olaraq döyüş bölgələrinə səfərlər edir,əsgər və zabitlərlə görüşlər keçirir və cəbhədə olan əsgərlər və zabitlərə mənəvi dəstək verildiyini bildirdi.
Birliyin üzvlərindən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin rayon şöbəsinin sədri,müharibə veteranı,ehtiyatda olan mayor Əli Məmmədov , müharibə veteranı, rayon Ağsaqqallaq Şurasının sədri vəzifəsini müvəqqəri icra edən Ramin Məmmədov, müharibə veteranı Paşa Məmmədov, 2-ci qrup müharibə əlilləri Azər Hüseynov, Bəhmən Qurbanov, Əvəz İsmayılov çıxışlarında ölkə və rayon rəhbərliyinin onlara göstərdiyi qayğıdan söhbət açdılar. Onlar bildirdilər ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın son zamanlar tez-tez Dağlıq Qarabağa səfərlər etməsi, yüksək rütbəli zabitlərlə görüşməsi, hərbi bazalara baş çəkməsi, əsgərləri və zabitləri təltif etməsi, hətta bir nəfərə Ermənistanın milli qəhrəmanı adını təqdim etməsi bizi ciddi hiddətləndirir və narhat edir. Eyni zamanda qeyd etdilər ki, bununla kifayətlənməyən təxribatçı Baş nazir Suriya və Livandan ermənilərin Şuşa şəhərində və digər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəvac verməsi, könüllü erməni dəstələrinin yarandılmasına təşəbbüs göstərməsi bariz şəkildə sübut edir ki, faşist ideologiyasına xidmət edən Ermənistan lideri Azərbaycan torpaqlarını ilhaq etmək üçün sülh danışıqlarından açıqdan-açığa boyun qaçırır və digər vəzifəli dövlət məmurları ilə birlikdə ölkəmizə qarşı müharibəyə başlayacaqları ilə təhdit edir. Ona görə də biz veteranlar və müharibə əlilləri onların bu iyrənc siyasətinə etiraz edir və vətənimizin işğal edilmiş torpaqlarını azad etmək üçün hər an silaha sarılmağa hazırıq.
Görüşün sonunda Milli Məclisin deputatı Səbinə Xasayeva görüş iştirakçılarına dərindən təşəkkürünü bildirmiş və əmin etmişdir ki, doğma torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında tezliklə işğaldan azad ediləcək və əzəli torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanacaqdır