Qeyri-neft sektoru: Prezidentin göstərişləri bəhrəsini verir

 12:44 15.09.2020     233

"Qeyri-neft sənayesinin sürətli inkişafı Azərbaycanın post-pandemiya dövründə iqtisadi inkişafını təmin edə biləcək mühüm amildir. Pandemiya şəraitinin məhdudiyyətlərinə baxmayaraq bu sahənin 13% lik artımı böyük həcmdə potensialdan xəbər verir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında qeyri-neft sektoru ilə bağlı sözlərini şərh edərkən deyib. O bildirib ki, ölkəmizin qeyri-neft sənayesinin inkişafında Sumqayıtın rolu getdikcə artır:

“Zəruri infrastruktur, insan kapitalı və əlverişli hüquqi çərçivə ilə təmin olunmuş “Sumqayıt Kimya Sənaye Parkı” gözlənilən nəticəni verməkdədir. Cəmi 9 il öncə yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı”nın ölkə sənayesinin qeyri-neft sektorunda hazırda xüsusi çəkisi 9,3 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Bu ilin 6 ayı ərzində parkda məhsul istehsalının 2 dəfə, ixracın isə 1.5 dəfə artması mühüm nailiyyətdir. Hazırda qeyri-neft sektoruna investisiyarın cəlb olunmasının və özəl sektora əsaslanan iqtisadi artımın təmin olunmasının prioritet elan edildiyi bir dövrdə “Sumqayıt Kimya Sənayesi Parkı”nda investisiyaların, istehsalın və ixracın artması gözlənilir”.

Mahir Xəttab \ Redaktor.az