Müharibə qaçılmazdır: Rusiya bizə mane olacaqmı? - DÜŞMƏN TƏXRİBATI

 11:59 24.09.2020     10364

Son zamanlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Emənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Redaktor.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, biz mövcud vəziyyətlə heç bir halda barışa bilmərik:

“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin mümkün variantda beynəlxalq hüquq və sülh yolu ilə həllinə səylər göstərilib və göstərilməkdədir. Bu, ilk növbədə bizim bütün ölkələrə yanaşma tərzimizdir. Lakin hazırkı vəziyyət bir daha onu göstərir ki, rəsmi İrəvanla gərginliyinin artdığı bir zamanda sülh yolu danışmaq doğru deyil”.

Politoloq ikinci Qarabağ müharibəsinin qaçılmaz olduğunu da vurğulayıb.

Məsələyə münasibət bildirən digər bir politoloq Elxan Şahinoğlu deyib ki, bölgədə müharibə ehtimalı çox yüksəkdir, çünki Ermənistanın təxribatları ara vermir:

“Bununla yanaşı, Dağlıq Qarabağa köç siyasəti davam edir. Digər ölkələrdən: Livandan, Suriyadan ermənilər, eləcə də PKK terrorçuları Şuşaya köçürülür. Bütün bunlar müharibə ehtimalını artırır. Bununla bərabər, danışıqlar heç bir nəticə vermir. Qarşımızda dayanan yeganə maneə isə Rusiyadır. Çünki son  4 ildə baş verən döyüşlərin qarşısını Rusiya aldı. Bir qism torpaqlarımızı azad etsək də, tam hədəfimizə çatmadıq. Bu əngəli aşmalıyıq və bu problemin həlli üçün Türkiyə ilə hərbi ittifaqı daha da üst səviyyəyə qaldırmalıyıq”.

Şahnur Qasımova / Redaktor.az