"Danışıqlara bu halda başlamaq olar ki..." - MİLLƏT VƏKİLİ

 10:25 29.09.2020     2431

“Beynəlxalq təşkilatlardan çox təəssüf ki, həmişə kimi növbətçi bəyanatlar səslənməkdədir. Azərbaycan tərəfi bu günə kimi bütün beynəlxalq təşkilatları, eyni zamanda işğalçı Ermənistanı xəbərdar edirdi ki, münaqişənin dinc yolla tənzimlənməsini istəyirlərsə, işğal altında olan torpaqlardan çəkilsinlər”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu deyib.

“Təəssüf ki, o vaxt Azərbaycanın bu mövqeyinə biganə yanaşma müşahidə olunurdu. İndi Azərbaycan əks-hücum əməliyyatları həyata keçirərək, işğal altında olan torpaqları azad etdiyi bir məqamda beynəlxalq aləmin, ATƏT-in Minsk Qrupunun və ayrı-ayrı təşkilatların münaqişənin sülh yolu ilə tənzimlənməsinə çağırış etməsi, çox gülünc görünür. Ona görə ki, vəziyyətin bu yerə gəlib çatmasında birbaşa ATƏT-in Minsk Qrupu və digər təşkilatlar günahkardır.

Həmçinin, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş qətnamənin üzərindən 23 il keçməsinə baxmayaraq, BMT tərəfindən hər hansı tədbir görülmədi.

Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, öz torpaqlarını işğaldan azad etmək istiqamətində əməliyyatlar həyata keçirir. Hesab edirəm ki, biz bu yolda maksimum irəliyə getməliyik. Biz danışıqlar masasına otursaq belə, əsas rayonları işğaldan azad edərək, güclü tərəf olaraq oturmalıyıq”.

Mahir Xəttab \ Redaktor.az