İlham Əliyev: Əks-hücum əməliyyatı davam edəcək - SON DƏQİQƏ

 14:40 29.09.2020     3725

"İndiyə qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev sentyabrın 29-da Pakistanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, mülki əhali arasında itkilər artmaqdadır: "Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilib. Bu ərazilərə Azərbaycan bayrağı sancıldı”.

Ölkə başçısı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatının davam edəcəyini bildirib: "Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur”.

İlham Əliyev səfirə Pakistanın Xarici İşlər nazirinin dəstək bəyanatına görə təşəkkür edib.