Düşmən mülkü əhalini vurur: Dünya susur... - MÜHARİBƏ CİNAYƏTİ

 09:38 30.09.2020     3227

"Ermənistan tərəfi hər zaman terrora arxalanan və ondan faydalanan siyasət həyata keçirib. Onların bu siyasəti dinc əhalinin qətli ilə nəticələnir. Düşmənin məhz məqsədi də budur".

Bu sözləri Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev Ermənistanın dinc əhalini hədəf almasından danışarkən deyib. O, beynəlxalq ictimaiyyətin Ermənistanın əməllərinə göz yumduğunu bildirib:

“Uzun illərdir biz beynəlxalq təşkilatlara Ermənistanın təxribatçı siyasəti haqqında məlumat veririk. BMT-nin 75 illik yubileyində ölkə başçısı çıxışında bir daha Ermənistanın işğalçı, təxribatçı siyasətindən bəhs etdi. Dünya sanki bu həqiqətləri görməzdən gəlir. Məhz bunun nəticəsidir ki, Ermənistan və havadarları BMT-nin 4 qətnaməsinə bu günə qədər əməl etməyib. Elə buna görə də, Azərbaycan Ordusu dinc əhalimizin qorunması və torpaqların işğaldan azad edilməsi məqsədi ilə əks-hücum əməliyyatına başlayıb.

Çünki bizim artıq gözləməyə səbrimiz qalmayıb. Bu əməliyyatları keçirmək ən təbii haqqımızdır. Bu, bütün beynəlxalq sənədlərə uyğun bir addımdır. 30 ilə yaxındır səbr edirik. Onlar torpaqları qaytarmaq haqqında düşünmədilər, yeni ərazi iddiasında olduqlarını bəyan edirdilər”.  

Millət vəkili Azərbaycanın müharibənin bütün qanunlarına əməl etdiyini bildirib:

“Azərbaycan tərəfi müharibənin bütün qanunlarına əməl edir, dinc əhaliyə atəş açmır. Düşmənin hədəfi isə dinc əhalidir. Onların bu təxribatı nəticəsində 10 mülkü vətəndaşımız həlak olub. Onlar arasında iki azyaşlı da var. Bu, müharibə qanunlarına birbaşa ziddir. Dünya ictimaiyyəti buna da susur. Biz sona qədər mübarizə aparacağıq. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bütün torpaqlar işğaldan azad olunana qədər savaşacağıq”.

Mahir Xəttab \ Redaktor.az