ATƏT-in Minsk Qrupu Azərbaycana lazım deyil - MİLLƏT VƏKİLİ
“ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, Fransa Prezidenti Emanuel Makronun Ermənistan-Azərbaycan müharibəsində tutduğu mövqe, yəni, İrəvanın yanında yer alması, onun işğalçılıq siyasətini dəstəkləməsi, Minsk Qrupunun fəaliyyətinin hansı səviyyədə olduğunu göstərir”.
Bu sözləri Redaktor.az-a millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, məhz belə dövlətlərin, prezidentlərin hesabına münaqişə 30 ildir uzanır:
“Beynəlxalq təmsilçilik institutunun konkret meyarları var. Bu meyarlardan kənara çıxanlarla necə regionda sülhə nail olmaq olar? Makron çıxışında Dağlıq Qarabağı Azərbaycana qaytarılmasına imkan verməyəcəklərini deyir. Bu nə deməkdir? Axı, Fransa özü Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometr çərçivəsində tanıyıb. Tanınan əraziyə Dağlıq Qarabağ da (4.5 min kvadrat kilometr) daxildir. Yəni, Qarabağı da Azərabycanın tərkib hissəsi kimi tanıyıb. Bəs, indi hansı əsasla o, Paşinyanı, işğalçı rejimi müdafiə edir? Bu, öz qərarını inkar etmək deməkdir.
Buna görə də Prezident İlham Əliyev düşmənin təxribatlarına qarşı əks-hücum əmri verdi. Bu gün Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm qələbə qazanır, tarix yazır. Ölkəmizə qarşı belə qərəzli mövqe göstərənlər görsün ki, bizim onların dəstəyinə ehtiyacımız yoxdur”.
Mahir Xəttab \ Redaktor.az