Moskva danışıqları: Atəşkəs, yoxsa müharibəyə davam? - EKSPERT RƏYİ

 14:56 09.10.2020     2676

“Ermənistanın təxribatından sonra ordumuzun keçirdiyi əks-hücum əməliyyatı Nikol Paşinyan hakimiyyətinə, həm də bu ölkənin siyasi-hərbi sisteminə çox böyük zərbə vurmaqdadır. Azərbaycan ordusu Qarabağda əsas güc olaraq işğalçı ordunun ərazilərdən təmizlənməsi istiqamətində əməliyyatlarını uğurla davam etdirir. Təbii ki, qorxuya düşən N.Paşinyan Rusiya vasitəsi ilə atəşkəsə nail olmaq, Azərbaycanla danışıqlar masasına oturmağa çalışır”.

Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsədullazadə Rusiya Prezidenti Vladimir Putinin döyüş bölgəsindən meyitlərin götürülməsi üçün atəşkəs çağrışına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməsə, atəşkəs mümkün olmayacaq:

“Azərbaycanın bu əks-hücumu erməni ordusunun tamam dağılmasına və N.Paşinaynım hakimiyyətdən gətməsinə səbəb ola bilər.  Bu baxımdan N.Paşinyan durmadanVladimir Putinə zənglər edərək, atəşkəsə nail olmağa çalışır.

Rusiya Prezidenti Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini Moskvaya çağırıb. Danışıqlarda humanitar missiyanı həyata kecirmək  və əsasən münaqişənin həlli variantları müzakirə ediləcək. Lakin hər şeydən əvvəl Ermənistan şərtləri qəbul etməli və bu istiqamətdə bir yol xəritəsi hazırlamalıdır. Əks halda hazırkı vəziyyətdə Azərbaycan atəşkəsə razı olmayacaq. Əslində Rusiya da hazırkı vəziyyətdə Azərbaycanın atəşkəsə getməyəcəyindən əmindir. Rusiya sadəcə tərəfləri bir araya gətirmək, bir növ öz siyasi mövqeyini möhkəmləndirməyə səy göstərir. Amma hər bir halda Azərbaycan yalnız hücumları uğurla davam etdirib, Ermənistanı kaputuyasiyaya məcbur etməlidir.”

Politoloq Rusiyanın N.Paşinyanı siyasi iflasa uğratmağa çalışdığını bildirib:

“Ermənistan düşünür ki, Rusiya atəşkəsi bərpa edəcək. Amma bu, olmayacaq. Hesab edirəm ki, Rusiya N.Paşinyanı siyasi iflasa etmək, əraziləri boşaltmağa məcbur etmək, daha sonra isə sülhməramlı qüvvələrini Dağlıq Qarabağa yerləşdirmək niyyətindədir”.

Mahir Xəttab \ Redaktor.az