Atəşkəsi pozan düşmənin ÜÇ MƏQSƏDİ var - Ordumuz əzib keçir...

 12:02 12.10.2020     3121

Ermənistan atəşkəsi Rusiyanın təzyiqi altında əldə etmişdi. Lakin onlar Moskvada verilən qərara heç 1 saat da əməl etmədilər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli işğalçı Ermənistanın Moskvada qəbul edilmiş humanitar atəşkəs rejiminə əməl etməməsi ilə bağlı danışarkən deyib:

 “Ermənistan tərəfi atəşkəs əldə etmək üçün Rusiyaya günlərlə yalvardı. Nikol Paşinyan təkcə Putinə 5 dəfə zəng etmişdi. Bir sözlə, günlərlə yalvarışdan sonra istədiyinə nail oldu. Amma elə razılaşmanın ilk saatlarından yalvararaq əldə edikləri razılaşmaya əməl etmədilər. Bu, Ermənistanın, onun siyasi rəhbərliyinin nə qədər işğalçı olduğunu bir daha ortaya qoydu”, - deyə o bildirib.

Politoloq Ermənistanın atəşkəsə əməl etməməsinin bir neçə səbəbinin olduğunu bildirib:

Birincisi, zənnimcə Ermənistan hər yolla çalışır ki, Azərbaycanı təxribata çəksin. Onlar Azərbaycanın mülkü əhalisini hədəfə almaqla, ordumuzun diqqətini işğal altındakı ərazilərdən ayırıb, Ermənistana yönəltməyə çalışır. Azərbaycan ordusu bu təxribata gedəcəyi təqdirdə isə, Ermənistan beynəlxalq havadarlarının əli ilə bütün dünyaya özünü hücuma məruz qalan ölkə kimi göstərəcək, yardım dilənəcək. Həmçinin, Rusiyanı da münaqişəyə cəlb edəcək. Hesab edirəm ki, onların birinci məqsədi məhz budur.

İkincisi, düşmən bilir ki, Azərbaycan beynəlxalq qanunlara əməl edən dövlətdir və hər bir halda atəşkəs rejiminə əməl edəcəkdir. Məhz onların niyyəti də bundan istifadə edib, Azərbaycana ağır zərbələr endirmək, bacardıqları qədər ziyan vurmaqdır.

Üçüncüsü, Ermənistan mülkü əhalini hədəfə almaqla, insanlarda qorxu yaratmağa, onları 90-cı illərdəki kimi evlərindən didərgin salmağa çalışır. Amma göründüyü kimi, indi 90-cı ildəki Azərbaycan ordusu yoxdur. Bu gün bizim güclü və şanlı ordumuz var və bu ordu ilə düşmənin istənilən təxribatının qarşısı alınacaqdır”.

Politoloq Ermənistanın Rusiyanın imicinə zərbə vurduğunu bildirib:

“Hər bir halda bizim itirəcəyimiz bir şey yoxdur. Humanitar atəşkəsi ruslar xahiş etdi və bizdə bununla razılaşdıq. Lakin düşmən tərəfi Rusiyanın vasitəsi ilə əldə olunan razılaşmaya əməl etməyərək, birbaşa rəsmi Moskvanın imicinə zərbə vurdu. İndi bundan sonra baş verənlərə görə Ermənistan tərəfi məsuliyyət daşıyır”.

Mahir Xəttab \ Redaktor.az