"Qələbədən sonra Azərbaycanda köklü dəyişikliklər olacaq" - NATİQ CƏFƏRLİ

 19:58 16.10.2020     2483

"Azərbaycan ordusu ərazi bütövlüyümüzü bərpa edib, Dağlıq Qarabağ məsələsini bir dəfəlik həll etdikdən sonra Azərbaycanın həm iqissadi-siyasi, həm də hərbi nüfuzu kifayət qədər artacaq".

Bu sözləri Redaktor.az-a iqtisadçı ekspert Natiq Cəfərli Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasından sonra regionda və Azərbaycanın daxilində olan dəyişikliklərlə bağlı danışarkən deyib. O qeyd edib ki, ölkədə aparılan islahatlar müharibədən sonra daha da dərinləşəcək:

“Düşünürəm ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra daxili siyasətdə daha rahat davranmaq üçün iqtidarın imkanları yaranacaq. Çünki daxili dəstəklə bağlı prezidentin və onun yeni komandasının bir problemi yoxdur. Qələbə müjdəli əməliyyatlar, ərazi bütövlüyümüzün bərpası ölkədə hakmiyyətə kifayət qədər ciddi güvən yaradıb. Həmçinin, qələbədən sonra Azərbaycan iqtidarı daha ciddi və dərin islahatlar aparacaq. Əlbəttə ki, bu islahatların nəticəsi olaraq da ölkədə köklü dəyişikliklər olacaq. Bütün bunlar sayəsində də Azərbaycan hər mənada inkişafa doğru gedəcək”.

İqtisadçı torpaqların azad olunmasından sonra Azərbaycana investorların cəlb olunmasından da danışıb:

“Dağlıq Qarabağ alındıqdan sonra Azərbaycan iqtisadiyyatı indikindən qat-qat daha güclü olmalıdır. Çünki Ermənistanın vəhşicəsinə dağıtdığı torpaqların düzəldilməsinə, infrastrukturun qurulmasına, yeni yaşayış məskənlərinin salınmasına, iş yerlərinin açılmasına milyardlarla vəsait lazım olacaq. Həmin vəsaitlər tək Azərbaycanın daxili resursları hesabına mümkün deyil. Bunun üçün beynəlxalq investorların cəlb olunması lazımdır. Düşünürəm ki, bu sahədə də ciddi işlər görüləcək. Bir sözlə, Dağlıq Qarabağın işğaldan azad olunması hazırki iqtidarın bir çox sahələrdə önünü açacaq. Əlbəttə ki, burada xalqın hakimiyyətə dəstəyi də olacaq. Çünki hazırda iqtidarın legitimliklə və xalqdan gələn dəstəklə bağlı heç bir problemi yoxdur”.

Mahir Xəttab \ Redaktor.az