Ermənistan terrorçuları Qarabağa daşıyır - DÜŞMƏN HİYLƏSİ...

 20:18 16.10.2020     919

“Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək, xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə cəlb edirlər. Onlar bunun üçün hətta qanunvericilikdə də dəyişiklik edib”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elnur Allahvrdiyev deyib. O, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozduğunu bildirib:

“Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın sözdə “Müdafiə haqqında” qanuna dəyişikliklər etməsi barədə təşəbbüsü əsasında xarici muzdluların Ermənistan ordusunun sıralarında iştirakı qanuniləşdirilib. Onlar bununla beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozurlar. Əlbəttə ki, bu, onların işğalçı və terrorist olduğunu bir daha göstərir.

Azərbaycan 30 ildən artıqdır ki, təcavüzkar qonşusu Ermənistan tərəfindən mütəmadi olaraq təxribatlara məruz qalır. İşğalçı Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal etməklə kifayətlənməyərək, “yeni ərazilər üçün yeni müharibə” xülyasına düşmüşdü. Bədnam və faşist ideologiyasına xidmət edən Ermənistan cəbhəyanı ərazilərdə, təmas xəttində yeni-yeni təxribatlar törədirdi. Bunun bir sonu olmalı idi. Bu gün Azərbaycan ordusu düşmənə layiqli cavabı verərək, torpaqlarımızı işğaldan azad edir”,- deyə millət vəkili bildirib.

Mahir Xəttab / Redaktor.az