Ermənistan niyə Gəncəni hədəf alıb? - Türkiyəli ekspert açıqladı

 11:07 19.10.2020     1191

“Azərbaycan Dağlıq Qarabağda keçirdiyi antiterror əməliyyatlarını sürətləndirməlidir. Çünki müharibə uzandıqca Ermənistan münaqişəyə başqa ölkələri də cəlb etməyə çalışacaq”.

Bu sözləri Redaktor.az-a türkiyəli ekspert Həsən Oqtay Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması haqqında danışarkən deyib:

“Ermənistan ilk olaraq Rusiyanı müharibəyə çəkmək niyyətindədir. Ermənistanın Rusiyanı müharibəyə daxil etməsində əsas məqsəd isə Türkiyə ilə qarşı-qarşıya qoymaqdır. Yəni, Rusiya və Türkiyəni qarşı-qarşıya qoyaraq, özü işin içindən çıxacaq. Bu, Ermənistanın tək çıxış yoludur. Ermənistanın bunun xaricində bir yolu yoxdur. Çünki Azərbaycanın gücü Ermənistanın gücündən müqayisə edilməyəcək qədər çoxdur. Normal şərtlər altında Ermənistan heç bir həftə belə müqavimət göstərəcək gücə sahib deyil”, - deyə H. Oqtay bildirib.

Ekspert bildirib ki, Ermənistanın bu təxribatları eyni zamanda Rusiyaya verilmiş bir mesajdır:

“Ermənistan cəbhə xəttindən kənarda terror aktları edərək, Rusiyaya bir mesaj verir ki, ya məni qurtarın, ya da bu müharibə genişlənəcək və  Rusiyaya da ziyan vuracaq. Bu baxımdan, çox qısa zamanda bu terror ölkəsinin qarşısı alınmalı, Azərbaycanın torpaqlarının tamamı işğaldan azad edilməlidir. Yoxsa bu savaş çox uzun zaman davam edəcək”.  

Mahir Xəttab \ Redaktor.az