DİQQƏT: Rəsmi olmayan xəbərləri paylaşmayın - MİLLƏT VƏKİLİ

 17:22 19.10.2020     476

Cəbhədən gələn xoş xəbərlər hər biz azərbaycanlının sevincinə səbəb olur. Lakin bəzi insanlar var ki, rəsmi əsası olmayan xəbərləri yaymaqla fikir qarışıqılığı yaradırlar. Bu, həm də düşmənin artıq informasiya almasına səbəb olur.

Redaktor.az-a açıqlamasınd millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, rəsmi olmayan xəbərlərin yayılıması ermənilərin təxribatı üçün fürsət yarada bilər:

“Yaxşı olardı ki, öncə rəsmi xəbərlərə istinad edilsin və bunun üzərindən müzakirələr aparılsın. İnsanların emosional, psixoloji durumuna uyğun olaraq demək olar ki, hazırda hamıda müəyyən bir gözləntilər var. Müzəffər ordumuz sürətlə işğal altında olan torpaqlarımızı azad edirlər. Artıq hər gün insanlarda növbəti azad olunan ərazilərlə bağlı xəbərlər eşitmək ümidi yaranır. Bununla yanaşı, düşmənin informasiya müstəvisində də təxribatlarla məşğul olduğunu nəzərdə saxlamalıyıq. Rəsmi olmayan xəbərlərə hər hansı bir formada istinad edib, onları yaymamaqla vətəndaşlar ordumuza öz dəstəklərini göstərə bilərlər. Çünki rəsmi təsdiq olunmamış xəbərlərin yayılması cəmiyyətdə arzuolunmaz əhval ruhiyyənin yaranmasına səbəb ola bilər. Bəzən insanlar təsdiqini tapmayan informasiyanı sevinc emosialari ilə paylaşırlar. Düşmən də bu informasiyaları fürsətə çevirib hər hansı təxribat həyata keçirə bilər. Bu baxımdan hər birimiz informasiya müstəvisində davranış məsuliyyətimizi dərk etməliyik. Azərbaycan xalqı güclü xalqdır. Biz bunu bugünlərdə də aydın görürük”.

Şəfəq Samed \ Redaktor.az