Ordumuz hər şeyi dəyişdi: Artıq "5+2" yoxdur - EKSPERT
“Rusiya Prezident İlham Əliyev və Nikol Paşinyanın danışıqlarını Moskvada, ABŞ isə hər iki ölkənin XİN rəhbərlərinin görüşünü Vaşinqtonda təşkil etmək istəyir”.
Bu sözləri Redaktor.az-a ekspert Natiq Cəfərli deyib. O, Vaşinqton və Moskva görüşündə bir neçə mühim məqamın olduğunu vurğulayıb:
“1) Rusiya, “Cənubi Qafqazın açarı məndədi, heç kim bura qarışmasın”, mesajını vermək üçün təşəbbüsü əldən vermək istəmir, bunun üçün aktivliyini artıracaq;
2) ABŞ-da 2 həftə sonra seçkilərdir, sorğulara görə Tramp Baydendən 10% geridədir, Ağ Ev də Qarabağ məsələsində aktivlik göstərərək “erməni lobbisinin” səslərini və dəstəyini qazanmağa çalışır. Tramp son mitinqində erməniləri az-maz tərifləyib, amma birbaşa tərəf tutmayıb. Bayden də publik çıxışlarında ermənilərə xoş gələcək sözlər deyib. Aydındır ki, hər iki namizəd səs qazanmağı düşünür, amma o da görünür ki, seçkilərdə daha böyük və mühim məsələlər, səs qrupları var deyə, hər iki namizəd “erməni məsələsinə” həyatı önəm vermir – bu xeyrimizə olan haldır. Amma əsas məsələ Rusiya olduğu üçün hər iki namizəd, əsas da Ağ Ev Cənubi Qafqaz məsələsini tam da Moskvaya qapdırmaq istəmirlər”.
Ekspert indiki durumda həm Moskvanın, həm də Vaşinqtonun müharibəni dayandırmaq üçün təzyiqlərini artıra biləcəklərini bildirib:
“Vaşinqton görüşü həftəsonuna planlaşdırılıb, əgər Kreml düşünsə ki, Ağ Ev təşəbbüsü ala bilər, o zaman İlham Əliyev və Paşinyan görüşünü daha önə çəkə, ya da Vaşinqton görüşündə sənəd imzalanmasının qarşısını almaq üçün həm bizə, həm İrəvana təzyiqlər edə bilər – hər iki halda ABŞ görüşü mənasızlaşır. Deməli, əsas Moskva görüşüdür, əgər bu həftə baş tutacaqsa tərəflər əllərində olan bütün aktivləri artırmağa çalışacaqlar. İşğalçı Ermənistan uduzduğu ərazilərin bir hissəsini geri almağa çalışacaq, ona görə də şiddətli döyüşlər davam edəcək. Bu isə indiki durumda, cəbhədə hərbi-strateji dərinliyə nail olduğumuz dövrdə ancaq xeyrimizə ola bilər – həm Moskva, həm Vaşinqton görüşlərindən öncə müzəffər ordumuz masada olan bütün formulları dəyişməlidir, zatən dəyişib, artıq 5+2 yoxdur, amma Moskva və Vaşinqton görüşünə qədər bu formul tam masadan qalxmalıdır”.
Mahir Xəttab \ Redaktor.az