"O, bu müharibənin necə nəticələnəcəyini bilir və..." - PUTİNİN ÇIXIŞINDAKI MESAJLAR...

 00:38 23.10.2020     1293

"Rusiya Prezidenti Vladimir Putininin açıqlamasında qorxulu nəsə yoxdur. Açıqlamaların məğzini təşkil edən və Rusiyanın bugünkü mövqeyinin izahı sayılacaq açar cümlə budur: "Biz elə bir mövqe tuturuq ki, hər iki tərəfin etimadından istifadə etməyimizə və vasitəçi kimi münaqişənin həllində önəmli rol oynamağımıza imkan versin".

Redaktor.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Rusiya Prezidenti Vladimir Putinin “Valday” klubunun sessiyasında Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Rusiya açıq şəkildə Ermənistanın yanında yer almaqla öz vasitəçilik rolunu, Azərbaycanın etimadını və bütövlükdə Azərbaycanı itirəcəyini anladığı üçün nisbətən tərəfsiz davranmağa üstünlük verir:

“Putinin Ermənistan və Azərbaycanı Rusiyanın bərabər səviyyəli tərəfdaşları adlandırması, hər iki ölkə və xalqla çox yaxın əlaqələrə malik olduqlarını vurğulaması da bunu təsdiqləyir. Rusiya bu mövqeyi ilə Azərbaycanla dialoqunu, ona söz demək haqqını, Bakının qərarlarına təsir göstərmək imkanlarını saxlamaq istəyir, çünki münasibətlərdə qırılmanın baş verməsi Rusiyanın Azərbaycanı öz əlləri ilə Türkiyəyə və Qərbə doğru itələməsi demək olar. Vasitəçilik missiyasını qoruyub saxlamaq Moskva üçün ona görə vacibdir ki, münaqişənin yekun həllində maraqlarını təmin edə bilsi. Yəni, Azərbaycanı Rusiya sülhməramlı kontingentini qəbul etməyə razı salsın.

Moskvanın praqmatizmi Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini anlamağa, bu münasibətlərin dərinliyinə hörmətlə, yaxud səbrlə yanaşmağa imkan verir, amma Rusiya bu dərinliyin çox artmasını da istəmir. Ölkəmizdə Türkiyənin daimi hərbi mövcudiyyəti, Azərbaycanın Türkiyə ilə siyasi inteqrasiyaya getməsi (məsələn, konfederativ əsasda) Rusiyanın maraqlarına uyğun deyil. Bu səbəblə, Moskva hazırkı situasiyada təmkin nümayiş etdirməklə Azərbaycandan nəsə istəməyə, Bakı ilə dialoqda öz maraqlarını təmin etməyə zəmin hazırlayır və ya mövcud olan zəmini qoruyur. Azərbaycan Prezidenti də bunun fərqində olduğu üçün Türkiyə telekanalına müsahibəsində ölkəmizdə Türkiyənin daimi hərbi bazalarının yaradılmasına ehtiyac görmədiyini söyləmişdi. İlham Əliyevin uzun illər ərzində topladığı təcrübə, xarici siyasətdə müxtəlif güc mərkəzləri arasında manevr etmək bacarığı bu situasiyada özünü göstərir və fayda verir. Şübhəsiz ki, Türkiyənin bölgəmizdə aktivliyi, ambisiyaları və Azərbaycana tərəddüdsüz, net dəstəyi İ.Əliyevin hazırkı siyasətinin uğurunda çox ciddi rol oynayır, amma o, eyni zamanda Türkiyə ilə münasibətlərdə kənardan nəzərə çarpmayan incə bir məsafə də saxlamağa çalışır və bu münasibətləri Azərbaycanın suverenliyinə xələl gətirməməklə inkişaf etdirməyə diqqət edir”.

Politoloq bildirib ki, Putinin Azərbaycanın öz ərazilərinin önəmli hissəsini itirməsi ilə bağlı vəziyyətin daim davam edə bilməyəcəyini ifadə etməsi göstərir ki, Rusiya bizim Dağlıq Qarabağ ətrafındakı rayonları geri qaytarmağımızdan narahat deyil və bunu anlayışla qarşılayır:

“Amma Putinin münaqişənin “Sumqayıtda və Dağlıq Qarabağda erməni xalqına qarşı amansız cinayətlər”lə başladığını, bunu kompleks halında nəzərə alacaqlarını, “Birinci Dünya müharibəsi zamanı erməni xalqının başına gələnləri” heç vaxt unutmayacaqlarını vurğulaması söyləməyə əsas verir ki, Rusiya Dağlıq Qarabağ ermənilərinin hüquqlarının hansısa şəkildə təmin olunmasına çalışacaq. Düşünürəm ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla tam nəzarətə götürməsində maraqlı deyil”.

Ş.Cəfərli bildirib ki, Putin Rusiya ilə Türkiyənin Cənubi Qafqazdakı maraqlarının fərqli olduğunu desə də, Ərdoğana simpatiyasını gizlətmədi və onun ABŞ-ın etirazına rəğmən, Rusiya ilə birlikdə “Türk axını” layihəsini həyata keçirməsini və S-400 ZRK almasını yüksək qiymətləndirdi:

“Putin, Türkiyənin NATO üzvü və AB-yə namizəd ölkə olmasına baxmayaraq, bu inteqrativ qurumların siyasət xəttindən mümkün olduğu qədər fərqli, müstəqil siyasət yeritməsindən məmnundur. O, qırmızı xətlərin tapdanmaması və Ankaranın Vaşinqtonun regional maraqlarının bələdçisi olmaması şərti ilə müxtəlif bölgələrdə Rusiya - Türkiyə rəqabətinin mövcudluğunu normal qarşılayır, Ərdoğanla istənilən zaman masaya oturub anlaşmağın mümkün olduğunu bilir”.

Politoloqun sözlərinə görə, Putinin tərəflərin itkiləri barədə rəqəm açıqlaması o deməkdir ki, Rusiya hərbi kəşfiyyatı müharibəni çox yaxından izləyir və prezidentə müntəzəm raportlar təqdim edir:

“Putin bununla həm də tərəflərə “gözümüz üzərinizdədir” mesajını verir.

Putin rahat görünürdü. Sanki bu müharibənin necə nəticələnəcəyini bilir və ölkəsinin maraqlarına təhlükə olmadığına əmindir”, - deyə o bildirib.

Mahir Xəttab \ Redaktor.az