"Müharibə bütün torpaqlarımız azad olunana qədər davam edəcək" - AÇIQLAMA

 13:48 30.10.2020     9231

“Bəzi Avropa ölkələri ermənilər Azərbaycana hücum edəndə, Xocalıda soyqırım aktı törədəndə niyə səslərini çıxmırdı? İndi Azərbaycan öz torpaqlarında antiterror əməliyyatları keçirir deyə düşüblər əl-ayağa. İstədikləri qədər hay-küy salsınlar, biz haqlı davamızdan dönən deyilik”.

Bu sözləri Redaktor.az-a politoloq Qabil Hüseynli bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın Azərbaycana qarşı qərəzli mövqe tutması haqqında danışarkən deyib. O bildirib ki, Ermənistanın işğalçı siyasətini dəstəkləyənlər birbaşa terroru dəstəkləmiş olurlar:

“Avropa Birliyi və birbaşa olaraq Fransa dəyərlərdən, sülhdən danışıb, quldur, xunta rejiminin hökm sürdüyü barabar ölkəni müdafiə edirlər. Belə sülh sevərdirlərsə, niyə Bərdəyə, Gəncəyə və digər şəhərlərimizə atılan raketlərə səssiz qalırlar?!.Onlar guya terrora qarşı sərt mövqe sərgiləyirlər. Bəs, Bərdəyə, dinc əhalinin üzərinə raket atmaq, terrror deyil? Bundan böyük terror var? Bu, açıq-aşkar Xocalıda baş verənlərin davamıdır. O vaxt səssiz qalanlar, indi də səssiz qalır”.

Qabil Hüseynli: Araşdırdım, Rəşadın qəzası sirlidir - Video » Ovqat.com

Politoloq Azərbaycanın BMT-nin 4 qətnaməsini yerinə yetirdiyini bildirib:

“Biz 30 ilə yaxındır torpaqlarımızı işğal etmiş terrorçuları, quldurları zərərsizləşdirir, ərazilərimizi işğaldan azad edib, qaçqın və məcburi köçkünlərimizi öz doğma yurd-yuvalarına qaytarmaq istəyirik. Bunu qəbul etməyənlər ya vicdanlarını itirib, ya da birbaşa terrorun dəstəkçiləridir. Azərbaycan BMT-nin 4 qətnaməsini yerinə yetirir. Bu, beynəlxalq hüququn bizə verdiyi haqdır. Azərbaycan torpaqların tamamını işğaldan azad edənə qədər bu savaş davam edəcək”.

Mahir Xəttab \ Redaktor.az