Türkiyənin Azərbaycana dəstəyi - Fransanın yersiz narahatlığı...

 10:05 30.10.2020     891

"2014-2015-ci illərdən sonra Türkiyə ilə Qərb, xüsusən də Avropa arasında müəyyən gərginlik yaşanır. Bu gərginliyin səbəblərindən biri Türkiyənin müstəqil siyasət aparması və regionda güclənməsi ilə bağlıdır".

Bu sözləri Redaktor.az-a siyasi ekspert Ruslan Bəşirli deyib. Onun sözlərinə görə, Türkiyənin Somalidə, Qətərdə, Suriyada, İraqda hərbi bazalar qurması, eyni zamanda keçirdiyi antiterror əməliyyatları, Qərbin birbaşa dəstəklədiyi xəlifə Haftara qarşı savaşması Qərbi dünyasını ciddi şəkildə narahat edir.:

"Çünki Türkiyənin güclənməsi, apardığı uğurlu siyasət onu regionda söz sahibinə çevirir. Əlbəttə ki, bu da böyük gücləri qıcıqlandırır. Bu məsələdə Fransa xüsusilə fəaldır.

Fransanın Türkiyəyə qarşı qərəzli olmasının əsas səbəbi Aralıq dənizində qardaş ölkənin haqqını tələb etməsi ilə bağlıdır. Türkiyənin Şərqi Aralıq dənizində olması, haqqını istəməsi, Fransanın maraqlarına cavab vermir. Çünki rəsmi Paris ABŞ-ın nisbətən regiondan uzaqlaşmasından istifadə edib, Aralıq dənizində öz hökümranlığını qurmaq istəyir. Lakin Türkiyə buna mane olur. Məhz bu baxımdan da Fransa Türkiyəyə qarşı sərt, qərəzli mövqeydə dayanıb”.

R.Bəşirli Türkiyənin Azərbaycana olan dəstəyindən və buna görə qardaş ölkəyə olan təzyiqlərdən də danışıb:

“Türkiyənin Azərbaycana dəstəyindən normal və təbii nə var?"

Birincisi, ona görə ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətləri heç bir ölkə arasında yoxdur. Biz eyni millət, iki dövlətik.

İkincisi, Azərbaycan öz davasında kifayət qədər haqlıdır və Türkiyənin ölkəmizə olan dəstəyinin əsas səbəbi də məhz budur. Əgər həmin dövlətlər də beynəlxalq hüququ əsas götürürlərsə, onlar da bizi dəstəkləməlidir. Çünki Azərbaycan beynəlxalq hüququn tanıdığı torpaqlar uğurunda savaşır. Yəni, haqqı olanı geri qaytarırır. Türkiyə də işğalın aradan qalxması, regionda sülhün bərpa olunması üçün Azərbaycana dəstək verir. Bu dəstəyi də açıq-aşkar, hüquq çərçivəsində edir”.

Mahir Xəttab \ Redaktor.az