"Bu razılaşma Azərbaycanın maraqlarını təmin edir" - POLİTOLOQ

"Azərbaycan mövcud şəraitdə nəyi etmək lazım idisə, onu da etdi. Bəzi reallıqlar var ki, onu qəbul etməliyik".
Bu sözləri Redaktor.az-a politoloq İlqar Vəlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı bəyanat haqda danışarkən deyib. O bildirib ki, bu bəyanat birbaşa Azərbaycanın maraqlarına xidmət edir:
“Sosial şəbəkələrdə bir qrup şəxslər məlum bəyanatı qəbul etmir, bunu yarımçıq qalibiyyət olduğunu bildirirlər. Əlbəttə, onların qorxusu, narahatlığı başa düşüləndir, amma bəzi reallıqlar var ki, onu gözardı etmək olmaz. Həmçinin, bu bəyanatda narahatlıq doğuran məsələlər olsaydı, ölkə başçısı ona imza atmazdı. Prezident razılaşmanı imzaladıqdan sonra xalqa müraciəti zamanı onun necə sevincli olduğunu hər birimiz gördük. Ali Baş Komandan təkrar-təkrar qələbə qazandığımızı, Qarabağın Azərbaycana tamamilə qaytarıldığını bildirdi. Narazı olan şəxslər prezidentin çıxışını bir daha izləməlidir”.
Politoloq Türkiyənin razılaşma ilə bağlı mövqeyindən də danışıb:
“Əgər bu razılaşma Azərbaycanın xeyrinə olmasaydı, heç Türkiyə bizi təbrik edərdimi? Biz gördük ki, Ərdoğan və qardaş ölkənin digər dövlət adamları Azərbaycanı qələbə münasibəti ilə təbrik edib, bundan sonra yanımızda olcaqlarını ifadə etdilər. Bu, onu göstərir ki, Prezident İlham Əliyevin qərarı doğrudur”.
İ.Vəlizadə Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsindən də bəhs edib:
“Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı əsasında gəlib. Burada narahat olmağa əsas yoxdur. Həmçinin, Türk qoşunları da burada olacaq, Rusiya ilə birlikdə fəaliyyət göstərəcəklər.
Rus qoşunlarının Qarabağa gəlməsindən ermənilər narahatdır. Mən erməni saytlarını izləyirəm, orada yazırlar ki, rus qoşunları erməniləri Qarabağdan çıxarır. Əslində belə olmağı daha yaxşı oldu. Yəni, onları biz yox, rus qoşunları çıxarır. Vaxtı ilə onlara arxalanıb bizi öz torpaqlarımızdan çıxardılar, indi həmin qoşunların əli ilə özləri çıxardılır. Bu, tarixi ədalətin bərpa olunmasıdır”.
Mahir Xəttab \ Redaktor.az