BERNAMA agentliyi atəşkəs razılaşmasından sonra Tərtərdəki vəziyyətdən yazıb

 01:18 14.11.2020     59

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Ermənistanla müharibə dövründə - təqribən altı həftə ərzində fasiləsiz bombardmana məruz qalmış Azərbaycanın Tərtər şəhərində atəşkəs razılaşmasından sonrakı vəziyyətdən yazır.

Redaktor.az xəbər verir ki, agentliyin xəbərində Azərbaycan ilə Ermənistan arasında bu günlərdə imzalanan sülh razılaşmasından sonra şəhərin gündəlik həyatının qaydaya düşdüyü bildirilir.

Qeyd edilir ki, noyabrın 10-da rəsmi Bakı və Yerevan Moskvanın vasitəçiliyi ilə müharibənin dayandırılması barədə razılaşma imzalayıblar. Sənədə əsasən, Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğalına görə təqribən 30 il ərzində davam edən münaqişəyə son qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevə istinadla bildirilir ki, Azərbaycan bu sənədi özünün qələbəsi, Ermənistanın isə məğlubiyyəti kimi qəbul edir. Vurğulanır ki, Bakının hərbi qələbəsi onun üstünlük qazanmasına və öz ərazilərini işğaldan azad etməsinə imkan yaradıb.

Xatırladılır ki, keçmiş Sovet İttifaqının iki respublikası arasında münasibətlər Ermənistan qoşunlarının Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu 1991-1994-cü illərdə işğal etdikdən sonra gərginləşib.

Qeyd edilir ki, son həftələr ərzində Ermənistan ordusu tərəfindən ardıcıl olaraq intensiv hücumlara məruz qalan Tərtər sakinləri şəhərin keçələrini təmizləmək üçün “Saat meydanı”na toplaşıblar. Mağaza sahibləri sınmış şüşələri və digər qırıntıları təmizlədikdən sonra onların qapılarını yenidən açıblar.

Dağlıq Qarabağ uğrunda müharibənin qələbə ilə qurtarmasına çox sevindiklərini bildirən şəhər sakinləri Ermənistan ordusunun atəşlərinə baxmayaraq, öz evlərini tərk etmək niyyətində olmadıqlarını vurğulayıblar. Bildiriblər ki, qalib Azərbaycan Ordusunun qısa müddətdə bir neçə şəhəri və 300-ə yaxın yaşayış məntəqəsini azad etməsi onlar üçün əsl bayramdır. //AZƏRTAC