Prezidentin Füzuli və Cəbrayıl səfəri: Bölgədə vəziyyət dəyişir və...

 23:10 18.11.2020     2758

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi bu günə qədər atdığı addımların məntiqi davamıdır. Səfər zamanı prezidentin müvafiq struktur layihələri ilə bağlı verdiyi tapşırıqlar onu göstərir ki, azad olunan ərazilər tezliklə ən müassir şəhər və rayonlara çevriləcək”.

Bu sözləri Redaktor.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri haqqında danışarkən deyib. O, prezidentin səfərinin xüsusi əhəmiyyəti olduğunu  bildirib:

“Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi indiki məqamda xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı səfər çərçivəsində bir daha düşmən ölkəyə xəbərdərlıq etdi. Bu xabərdarlıq həm də ultimatum xarakterli idi. Zənnimcə, prezident çox açıq şəkildə öz mesajını verdi. Bundan sonra hər şey dəyişəcək. Bölgəmiz inkişaf edəcək. Biz ərazilərimizi qan bahasına aldıq. Bu, çox böyük bir uğurdur, qələbədir. Ümumilikdə deyə bilərəm ki, ölkə başçısının işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi bir daha bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi”.

Mahir Xəttab \ Redaktor.az