"Dağlıq Qarabağın statusu müzakirə mövzusu deyil" - POLİTOLOQ

 10:03 20.11.2020     7508

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağa hər hansı bir status birgə yaşayışdan sonra mümkün ola bilər. Yəni, o, status məsələsinin gündəmdən çıxmadığına işarə edib.

Bəs, Dağlıq Qarabağa status verilməsi barədə yenidən müzakirələr aparıla bilərmi?

Politoloq Qabil Hüseynli Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın gündəmində bununla bağlı məsələ yoxdur:

"Fransa da Dağlıq Qarabağın müstəqilliyi haqqında ideya irəli sürüb. Lakin Fransanın Azərbaycanın rəyini soruşmadan danışması düzgün deyil. İlk olaraq həmin bölgəyə əhali köçməlidir və bu da daha çox azərbaycanlılar olmalıdır. Çünki xalqımız vaxtilə etnik təmizləməyə məruz qalıb, 1 milyondan çox insan öz torpaqlarından, dədə-baba yurdlarından qovulub. Ona görə də, ilk növbədə oraya məcburi köçkünlər qaytarılmalıdır. Daha sonra isə digər məsələlər müzakirə olunmalıdır.

Bildiyimiz kimi, həmin ərazilərdə təhlükəsizliyə nəzarət rus sülhməramlıları tərəfindən aparılacaq. Amma Azərbaycan da bu nəzarətə ortaq olacağını bildirib. Ermənilər həmin ərazilərdə azərbaycanlılarla qonşu olduqda, birgə yaşayış normalarına əməl etməlidirlər. Amma status məsələsində Azərbaycanın mövqeyi qətidir. Yəni, heç bir statustan söhbət gedə bilməz”.

Şəfəq Samed \ Redaktor.az