Qarabağdan sonra yeni müharibələr... - HƏRƏKƏTLƏNMƏ VAR

 10:06 25.11.2020     4093

Qarabağda baş verən hərbi əməliyyatlardan sonra dünyanın digər münaqişə ocaqlarında da hərəkətlənmə müşahidə olunur. İstər işğal olunmuş torpaqlar, istərsə də defakto tanınan ərazilər yenidən müzakirə obyektinə çevrilib. Bəs, bunun səbəbi nədir?

Politoloq Tofiq Abbasov Redaktor.az-a açıqlamasında deyib ki, münaqişəli vəziyyətlərin durumu böyük kəzlərinin marağındadır:

“Çünki onlar çalışırlar ki, təsir göstərmə imkanlarını genişlətsinlər. Əgər Azərbaycan bu məsələni öz gücünə həll etməsəydi, böyük üçlüyün, Minsk qrupunun həmsədrlərinin yardımını gözləməli idi. Biz gördük ki, bu güc mərkəzləri bütün işlərini elə tərzdə qururlar ki, balaca dövlətləri özlərindən asılı halda saxlasınlar. Bütün münaqişəli vəziyyətlərin hər birinin öz xüsusiyyətləri olsa da, onları birləşdirən böyük gücləri cəlb etməmələridi. Bu baxımdan Azərbaycan çox gözəl bir model ortaya qoydu. Yəni, hər hansı bir problemi həll etmək üçün sadəcə özün cəhdlər etməli, müəyyən həcmdə yükü daşıya bilməlisən. Biz də buna nail olduq  və artıq dünyada “Azərbaycan modeli” deyilən bir anlayış var. Bu özü də ondan xəbər verir ki, həqiqətən də dünya dəyişir və dövlətlərin sayından, coğrafi parametrlərindən asılı olmayaraq hamının öz səsi var və bu səsi eşitmək vacibdir”.

Politoloq Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ilə bağlı danışaraq bildirib ki, həmin ərazilər demək olar ki, Rusiya da daxil olmaqla bir neçə ölkə tərəfindən tanınıb:

“Hazırda bu məsələ bir qədər fərqli fonda inkişaf edir. Çünki onların gücü, imkanı, əhalisi tam mütəşəkkil dövlət kimi tanınmaqda şərait yaratmır. Lakin buna baxmayaraq, böyük dövlətlər əllərindən gələni edirlər ki, bu problemlər həll edilməsin, onlar özlərinin böyüklüyünü göstərsinlər. Gürcüstanın problemi biraz dərindi və görürük ki, Qarabağdan çıxan erməniləri xarici qüvvələr Abxaziyaya yerləşdirirlər. Ancaq bu yaxşı nəticə ilə bitməyəcək. Çünki ermənilər hara gedirlərsə, münaqişə yaradırlar. Vaxtilə ermənilər Abxaziyada Gürcüstan ordusuna qarşı vuruşub, vəhşiliklər ediblər. İndi də həmin cəlladlar ordadırlar və çalışırlar ki, Abxaziyada öz hakimiyyətlərini bərqərar etsinlər. Rusiyanın buna münasibəti necə olacaq bilməsək də, demoqrafik balansın süni şəkildə dəyişilməsini müşahidə edirik".

Şəfəq Samed \ Redaktor.az