"Fransanın qondarma rejimi tanıması ona baha başa gələ bilər" - Millət vəkili

 10:45 24.11.2020     730

Fransa Senatı qondarma “dağlıq qarabağ respublikasını” tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Qətnamə layihəsi Senatda 5 nüfuzlu müxalifətçi qrup rəhbəri tərəfindən təqdim olunur və qətnamənin qəbul olunma ehtimalı böyükdür. Layihədə Azərbaycan üçün kifayət qədər həssas olan, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə yönəlmiş beynəlxlalq hüququ ayaqlar altına atan nüanslar var. Bu qətnamə layihəsi ilk olaraq Beynəlxalq Hüququn hamılıqla tanınan ümumbəşəri prinsiplərinə, xüsusən də dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmamaq prinsipinin pozulmasıdır.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq oturduğu - daha dəqiqi haqsız olaraq işğal etdiyi məqama hörmətsizlik edir, BMT Nizamnaməsini kobud şəkildə pozur:

“Görünən odur ki, Fransa Senatının tutduğu mövqe BMT nizamnaməsinə açıq hörmətsizlikdir.
Layihənin özünə gəlincə, unutmayaq ki, Fransa konstitusiyasına əsasən, Senatın bu tip qətnamələrinin icrası məcburi deyil, yalnız hökumətə tövsiyə xarakterlidir. Bu baxımdan, hətta qətnamənin qəbul edilməsi belə hələ qondarma qurumun tanınması demək olmayacaq. Açığı, Fransa dövlətinin xarici siyasətdə belə bir risk edəcəyi ağlabatan görünmür. Çünki Fransanın özünün Korsika problem var, qondarma rejimi tanıma cəhdi ona bu istiqamətdə baha başa gələ bilər, özünə münasibətdə xoşagəlməz presedent yaradar. Xatırlayırsınızsa, bir müddət öncə "Əl-Ərəbiyə" kanalına verdiyi müsahibədə cənab Prezident çox maraqlı bir arqument irəli sürmüşdü ki, ermənilərin taleyi Fransanı bu qədər maraqlandırırsa, o zaman Marsel şəhərində ermənilər respublika qurmaq imkanı yaratsınlar. Məlumdur ki, Marseldə Dağlıq Qarabağdan daha çox erməni yaşayır. Yaxud, Korsikada on illərdir mübarizə davam edir, yerli əhali minimal hüquqlardan məhrumdur, xalqların hüquqlarından dəm vuran Fransa buyursun Korsika xalqına müstəqillik versin, ən azndan korsikalılara  öz dillərindən istifadə etməyə icazə versin”.

Mahir Xəttab / Redaktor.az