Fransa tarixi səhvə yol verdi: Avropada separatizm gücləncək

 09:36 26.11.2020     4742

“Fransanın Ermənistanı dəstəkləməsinin arxasında millətçilik və islama qarşı olan aqressiya dayanır”.

Bu sözləri Redaktor.az-a politoloq Qabil Hüseynli deyib. O, Fransanın Avropanın ən islamafob ölkəsi olduğunu bildirib:

“Azərbaycan və Fransa arasında olan əlaqələr hər zaman yaxşı olub. Ən azından bizim Fransa ilə bir problemimiz olmayıb. Lakin, görünür Fransanın islama qarşı aressiyası onun bu münaqişədə Ermənistanı dəstəkləməsinə səbəb olub”.

Politoloqun sözlərinə görə, Fransanın qondarma rejimin müstəqilliyinin tanınmasına dair qanun layihəsini Senata təqdim etməsi öz daxilindəki separatçı ünsürlərin aktivləşməsinə səbəb olacaq:

“Bu gün Fransanın daxilində ciddi bir separatizm hərəkatı mövcuddur. Ümumiyyətlə, yaxın 10 ildə Avropada geniş vüsət alan separatizm hərəkatından Fransa da yan keçməyib. Xüsusilə ölkə daxilində Korsika, Burqundiya, Bretoniya və azsaylı baskların müstəqillik hərəkatı hər nə qədər rəsmi Paris tərəfindən ictimaiyyətdən gizlədilməyə çalışılsa da, bu, ölkənin sözügedən problemlə üzləşmədiyini göstərmir. Yəni, bu gün rəsmi Parisin qondarma rejimin müstəqilliyini tanıması Azərbaycandan çox, onun özünə ziyandır. Bu, başda Fransa olmaqla, Avropada güclənən separatizm hərəkatının daha da genişlənməsinə şərait yaradacaq”.

Mahir Xəttab \ Redaktor.az