Azərbaycanın uğurlu xarici siyasəti: PUTİNİ NECƏ RAZI SALDIQ?

 18:39 28.11.2020     3172

“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə öz açıqlamalarında Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu bildirib. Həmçinin, müharibə müddətində Rusiya neytral mövqe sərgilədi. Hesab edirəm ki, bunu qiymətləndirmək lazımdır.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, Rusiyanın Dağlıq Qarabağ məsələsində açıq şəkildə Azərbaycanı dəstəklədiyini bildirib:

“Hətta, ATƏT-in Minsk Qrupu həmsədirləri arasında 28 il ərzində ilk dəfə Rusiya açıq formada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Aprel döyüşləri də daxil olmaqla Ermənistan tərəfi bu günə qədər KTMT-ni proseslərə cəlb etməyə çalışırdı və istəyinə nail olacağına inanırdı. Amma Putin açıqlamasında müharibənin Ermənistan ərazində deyil, Azərbaycan ərazisində getdiyini bildirərək, münaqişəyə müdaxilə etməyəcəklərini dedi. Hesab edirəm ki, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında qardaş Türkiyə ilə bərabər Rusiyanında mühüm rolu var. Ölkə başçısı İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Bu gün Rusiya və Türkiyənin yaxından əməkdaşlığı sayəsində münaqişənin tənzimlənməsi istiqamətində təsirli addım atılıb, birgə bəyanat imzalandı. Bu da Ermənistanın kapitulasiya sənədidir. Diqqət edin, həmin sənədin imzalandığı gündən bu yana Ermənistanda demək olar ki, hakimiyyətsizlik höküm sürür. Hökumətdə bir çox önəmli şəxslər istefa verir. Xalq da Paşinyanı xəyanətdə ittiham edir. Bu da açıq-aydın göstərir ki, sənəd Azərbaycanın maraqlarına cavab verir. Əks halda bu, təcavüzkar Ermənistanda hakimiyyətlə xalq arasında parçalanma yaratmazdı.

Sənədin imzalanmasında da Qardaş Türkiyə ilə Rusiyanın yaxından əməkdaşlığı, Azərbaycanın da hərbi gücü həlledici rol oynadı”.

Mahir Xəttab \ Redaktor.az