"Heç kim bizimlə şərt dili ilə danışa bilməz" - MİLLƏT VƏKİLİ

 13:37 16.12.2020     1075

“Türkiyə bölgənin ən qüdrətli dövlətidir. Qardaş ölkənin son illər apardığı antiterror əməliyyatları onun hərbi imkanlarının nə qədər inkişaf etdiyini göstərdi. Bu baxımdan, belə bir güclü dövlətin Qarabağda sülhü təmin etməsi olduqca vacib məsələdir. Hesab edirəm ki, ən yaxın zamanda Türkiyə hərbiçiləri Azərbaycana gələcək və öz missiyasını ən peşəkar formada yerinə yetirəcək”.

Bu sözləri Redaktor.az-a millət vəkili Bəhruz Məhərrəmov Türkiyə hərbiçilərinin işğaldan azad olunan ərazilərə gəlməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Türkiyənin bölgədə olması, sülhün əldə olunması üçün önəmli faktordur:

“Bu baxımdan, Türkiyənin bölgəyə gəlməsinə heç kim mane ola bilməz. Həmçinin, ərazi beynəlxalq hüquqla tanınan Azərbaycan ərazisidir və kimin ora gəlib-gəlməyəcəyinə ancaq biz qərar verə bilərik. Ölkə başçısının da dediyi kimi, heç kim bizimlə şərt dili ilə danışa bilməz. Biz müstəqil ölkəyik, tərəfdaşlarımızı da özümüz seçirik.

 

Düzdür, insanlarımız qardaş ölkənin Qarabağa gəlməsində müəyyən gecikmələr olmasına görə narahtdır. Amma narahat olmağa əsas yoxdur. Çünki Türkiyənin Qarabağa gəlməsinin gecikməsi sırf texniki prosedurlarla əlaqəlidir. Ən qısa zamanda Azərbaycan dövlətinin iradəsi ilə Türkiyə Silahlı Qüvvələri Qarabağ ərazisində yerləşdiriləcək”.

Mahir Xəttab \ Redaktor.az