"Türkiyə ilə strateji müttəfiqliyi daha da gücləndirməliyik" - POLİTOLOQ

 12:10 19.12.2020     9379

"İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq müstəvidə dövlətlərlə münasibətlərdə Azərbaycanın müəyyən dəyişikliklər edəcəyi ehtimalı ortaya çıxdı. Əvvəla, strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın zəfər qazanması ilə siyasi və iqtisadi baxımdan bu dividendlərdən daha optimal şəkildə yararlanacağı aydındır".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib. O deyib ki, Ermənistanla, onun arxasında açıq və ya gizli şəkildə dayanan dövlətlərlə mübarizə, bu mübarizənin Azərbaycanın güclü diplomatiya, hərbi qüdrəti sayəsində şanlı qələbə ilə nəticələnməsi də beynəlxalq münasibətlərdə yeni istiqamətlərdən xəbər verir:

"Çünki, dünya nizamında önəmli olan iki faktordan başlıcası hərbi gücdür. İqtisadi gücümüzün isə təməli müharibədən öncə fundamental əsaslarla qoyulmuşdu. Vətən müharibəsi bir daha bizə əsl dostları və bədxahları göstərdi. Qardaş Türkiyə həm siyasi, həm mənəvi cəhətdən Azərbaycanın yanında dayandı, bütün imkanları ilə dəstək olacağını ən yüksək tribunalarda səsləndirdi. Bundan sonra da Türkiyə ilə birbaşa strateji müttəfiqliyi daha da gücləndirməliyik. Bu, Avropada kimlərisə narahat edə bilər. Amma bizim xarici siyasətimizə bunun qətiyyən təsiri olmamalıdır. 

Türkiyədən əlavə, digər dəstəkləyən dövlətlərlə də, xüsusən Pakistanla daha sıx əməkdaşlıq həyata keçirməliyik.Həmçinin, digər Türk dövlətləri də açıq şəkildə Azərbaycanı dəstəklədi. Bu amil də göstərdi ki, Azərbaycan qardaş ölkələrlə, türk birliyi ilə çox böyük bir strateji sistemin formalaşmasında öz fəaliyyətini davam etdirəcək. Bir sözlə, Vətən müharibəsindən sonrakı diplomatiyamızda yeni perspektivlər görünməkdədir".

Şəfəq Samed \ Redaktor.az