Erməni təxribatı: Yeni müharibə başlayır? - DÜŞMƏN ODLA OYNAYIR

 17:05 28.12.2020     3688

Dünən Azərbaycanın Xocavənd rayonu ərazisində 6 nəfərlik erməni silahlı terrorçu qrupu Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bəs, Ermənistan tərəfinin təxribatları davamlı olarsa, yenidən müharibə başlaya bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov Ermənistanın müharibə edəcək gücdə olmadığını bildirib:

“Ermənistanın müharibə etməyə nə silahı, nə də ordusu var. Onlar özləri də bunu yaxşı bilir. Bu baxımdan, düşünmürəm ki, Ermənistan tərəfi vəziyyəti müharibəyə qədər gərginləşdirsin. Amma bəzi erməni dairələrinin elan etdiyi partizan müharibəsinin fəallaşması istisna deyil. Hazırda Qarabağda baş verənlər də partizan dəstələrinin işidir. Həmin dəstələr bölgədə vəziyyəti gərginləşdirməyə, Rus sülhməramlıları ilə Azərbaycanı qarşı-qarşıya qoymağa və Türkiyə hərbiçilərinin bölgəyə gəlişinə mane olmağa cəhd edirlər. Amma Azərbaycan dövləti bütün bu təxribatların qarşısını alır və bundan sonra da alacaq. Buna bizim həm hərbi, həm də siyasi gücümüz var. Biz Ermənistanın əsas gücünü, ordusunu məhv etmişik. Əgər onlar yenidən hansısa təxribata əl atsalar, burada itirən tərəf elə özləri olacaq. Azərbaycan hər bir halda istənilən vəziyyətə hazırdır”.

Mahir Xəttab \ Redaktor.az