Hakimiyyətin müxalifətlə bağlı PLANI - AZƏRBAYCANDA DƏYİŞİKLİK

 10:40 08.01.2021     4466

“Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində ölkəmizdə çoxpartiyalı parlament formalaşıb. Bu günlərdə müxalifət partiyalarına qərargahların verilməsi isə bir daha Azərbaycanın demokratik ölkə olduğunun göstəricisidir”.

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu, Azərbaycanın demokratik inkişaf yolunda çox mühüm bir amildir:

“Ölkəmizdə çoxpartiyalı sistemin inkişafı istiqamətində də ciddi addımlar atılmaqdadır. Bu addımlardan biri kimi parlamentin və komitələrin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə bərabər azlıqdakı partiyaların və bitərəflərin nümayəndələrinin təmsil olunmasıdır. Bu gün Milli Məclisin Vitse-spikeri müxalif partiyanın nümayəndəsidir. Əksər komitələrin sədr müavinləri də müxalif partiyaların təmsilçiləridir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında xüsusilə vurğuladı ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Çünki dialoq üçün tərəf müqabili lazımdır və ilkin təəssürat müsbətdir”.

Millət vəkili Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri, eyni zamanda müxalifət kəsimini təmsil edən partiya sədrləri ilə keirdiyi görüşlərdən də bəhs edib:

“Bu görüşlər tanışlıq xarakteri kəsb etsə də, bütövlükdə artıq hakimiyyətlə müxalif partiyalar arasında siyasi dialoqun başlamasını təsdiqləyir. Demək olar ki, Azərbaycanın siyasi palitrasını müəyyən edən bütün siyasi partiyaların, həm iqtidar yönümlü, həm də müxalif partiyaların nümayəndələri bu görüşlərdə iştirak edirlər. Hər iki tərəfin ilkin təəssüratı müsbətdir. İqtidarın niyyəti Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etməsidir. Həm parlamentin rəhbərliyində baş verən dəyişikliklər, həm də siyasi partiyalara yaradılan şərait dediklərimizi bir aha təsdiqləyir”.

Mahir Xəttab \ Redaktor.az