Ermənistan üçün son şans - YENİ SƏNƏD İMZALANACAQ?

Yayılan məlumatlara görə, yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada üçtərəfli görüş keçiriləcək. Görüşlə bağlı rəsmi məlumat verilməsə də, bəzi siyasi ekspertlər artıq bununla bağlı müəyyən fikirlər irəli sürürlər.
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov görüşdə müzakirə edilə biləcək məsələlərə toxunub:
“Düzdür, hazırda görüşün hansı tarixdə, nə zaman baş tutacağı ilə bağlı rəsmi məlumat yoxdur. Amma düşünürəm ki, əgər görüş baş tutarsa, bəzi qaranlıq məqamlar müzakirə ediləcək. Hətta görüşdə yeni bir sənədin tərtib edilə və imzalana biləcəyini də istisna etmirəm. Çünki tərəflərin üzərinə müəyyən öhdəliklər düşsə də, Ermənistan tərəfi bu öhdəlikləri yerinə yetmək istəmir, bəyanatın müddəlarını kobud şəkildə pozur. Həmçinin, sülhməramlı missiyasını yerinə yetirməli olan qüvvələr bir çox hallarda öz vəzifələrini aşıb, lazımsız hərəkətlər edirlər. Təbii ki, bu da Azərbaycanın narazılığına səbəb olur. Bu baxımdan, düşünürəm ki, qeyd olunan görüşdə ölkə başçısı bu və digər məsələləri müzakirəyə çıxarıb, haqlı iradlarını ortaya qoyacaq.
Biz hazırda məsələləri siyasi yolla həll etməyə çalışırıq. Təbii ki, bu uzun zaman davam edə bilməz. Ermənistan çalışmalıdır ki, bu müddətdə öz davranışlarını düzəldib, imzalanan bəyanatın şərtlərinə əməl etsin. Əks halda Azərbaycanın “dəmir yumruğu” yenidən onların üzərinə qalxacaq”.
Mahir Xəttab \ Redaktor.az