ABŞ-ın dünyaya yaydığı "DEMOKRATİYA" - ÖZ BAŞINDA ÇATLADI...

 16:17 07.01.2021     482

“ABŞ-da “unikal” və saxtakarlıqlarla dolu bir seçki keçirilməsi bu ölkənin prezidenti və onun ən yaxın tərəfdarları tərəfindən iddia olunur. Görünən odur ki, dövlət və hakimiyyət orqanları tezliklə Donald Trampdan canlarını qurtarmaq istəyirlər. Məhz bu səbədən D.Trampın tərəfdarlarının seçki saxtakarlıqlarına dair 62 iddiasına məhkəmələr ciddi əsasların olmadığını əsas gətirib, baxılmamış saxladı”.

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu hal parçalanmış ABŞ cəmiyyətində qarşılıqlı nifrəti və düşmənçiliyi bir az da artırıb:

“Bu düşmənçiliyin və nifrətin nəticəsi olaraq dünən etirazçıların Konqresə basqını nəticəsində 4 nəfərin öldürülməsi xüsusilə kədərli hadisə idi. Dünyada demokratiyanı təbliğ və təşviq edən ABŞ-da iqtidar müxalifətin seçkiləri saxtalaşdırdığını iddia edir. ABŞ-ın qeyri-demokratik hesab etdiyi ölkələrdə isə müxalifət iqtidarı seçkiləri saxtalaşdırmaqda günahlandırır. Hər iki düşərgədə seçkilərin saxtalaşdırıldığı, hakimiyyətin qeyri-legitim olduğu iddia olunur. Bu ölkənin dünyada demokratiyanı dəstəkləmək cəhdləri uzun müddət acı gülüş doğuracaq”.

Millət vəkili bildirib ki, ABŞ-da baş verənlər həm də dünya üçün dərs götürüləsi hadisədir:

“Bir daha təsdiq oldu ki, xalq seçki qutusu başına gələrkən, öz məsuliyyətini hiss etməli, peşəkar səviyyədə siyasətlə məşğul olmamış şəxsləri yüksək dövlət vəzifələrinə seçməməli, bu tipli şəxslərin siyasi vəzifələrə təyin olunmasına etiraz etməlidir. İş adamı D.Trampın prezidentliyi ABŞ-ın öz tərəfdaşları ilə münasibətlərinin sərinləşməsinə, dünyada gərginliyin artmasına, böyük dövlətlərin təkbaşına istədiklərini etməsi meyillərinin güclənməsinə yol açdı”.

Mahir Xəttab \ Redaktor.az