"Bu fond yeni dövrün başlanğıcına təkan verəcək" - MİLLƏT VƏKİLİ

 16:29 07.01.2021     109

"Artıq şanlı tarixə çevrilmiş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə qazanılan şanlı tarixi Qələbəmizdir. Qibtə ediləcək bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

“Yenicə qədəm qoyduğumuz 2021-ci il isə qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il tarixə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaqdır. Artıq Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman dirçəlişin başlanğıcı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu Fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən ölkəmizin siyasi, iqtisadi, mədəni həyatında yeni dövrün başlanmasına təkan verəcək. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq. Bu isə ölkəmizin regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında mühüm və əvəzolunmaz rol oynayacaq”, - deyə S.Xasayeva qeyd edib.

Deputat əminliklə vurğulayıb ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.

“Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarının qəlbində qürurverici tarix kimi qalacaq. Çünki Fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına qayıdacaqlar. Dirçəlişin mübarək, qalib Vətən!”, - deyə Səbinə Xasayeva bildirib.

Şəfəq Samed / Redaktor.az