Moskvada imzalanan sənəd nəyi dəyişəcək? - EKSPERT RƏYİ

 17:24 12.01.2021     7905

"Ermənistan iqtisadi əlaqələrin qurulmasından söz açırsa, öncə Azərbaycanın süverenliyini, ərazi bütövlüyünü tanımalıdır. Bu görüşdə vacib məqam hökumətlər arasında üçtərəfli işçi qrupun yaradılması idi.  Bəlkə daha sonra bu işçi qrupun fəaliyyəti nəticəsində hansısa sənəd ərsəyə gələcək".

Redaktor.az xəbər verir ki, bu sözləri siyasi şərhçi İlqar Vəlizadə deyib. O bildirib ki, işçi qrup dedikdə iqtisadi və humanitar məsələlərin həlli üzrə işləyən qruplar nəzərdə tutulur:

"Noyabrın 10-u imzalanan bəyanatda ümumi yol xəritəsi göstərilib. Bu yol xəritəsinin reallaşması üçün mexanizmlər ərsəyə gəlməlidir. Amma bu mexanizmlər hələki yoxdur. Düzdür, sülhməramlılar bölgədə fəaliyyət göstərir, amma onların əlavə funksiyaları da var və bunu təsdiqləyən sənədlər olmalıdır. 

Keçmişə nəzər salsaq, ölkələr arasında imzalanan, lakin tətbiq edilməyən bir sıra sənədlərin mövcudluğuna şahid olarıq. Moskva görüşünün nəticəsi olan sənəd onlara bənzəmir. Çünki burada Rusiya var və sənəddə onun da maraqları əks olunub. Bu səbəbdən düşünürəm ki, sənədin bəndlərinin icrasında Rusiya birbaşa iştirak edəcək. Həmçinin, regionda sülhün bərqərar olması Rusiyanın maraqlarına müsbət təsir göstərir. Bunun əksinin olması Ermənistan tərəfindən gətirilən bir sıra qeyri-regional qüvvələrin xeyrinə ola bilər".

Şəfəq Samed \ Redaktor.az