İranla müharibə, yoxsa razılaşma? - BAYDENİN QƏRARI...

 13:44 21.01.2021     503

Co Bayden İranın nüvə proqramı ilə bağlı razılaşma şərtlərini icra etməsinə nail olmaq niyyətindədir. Bu barədə Ağ Evin Mətbuat katibi Cen Psaki bildirib. Onun sözlərinə görə, Bayden bu məsələ haqda ABŞ-ın müttəfiqləri ilə məsləhətləşmələr aparacaq.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov C. Baydenin prezidentlik dönəmində ABŞ-İran münasibətlərində müəyyən qədər yumşalmanın olacağını bildirib:

“ABŞ-ın yeni Prezidenti Co Bayden sələfi Donald Trampdan fərqli olaraq, İranla müəyyən qədər yumşaq siyasət aparmaq niyyətindədir. Yəni, təxminən Bayden Barak Obama dövrünə qayıdmaq istəyir. Təbii ki, C.Baydenin İrana qarşı müaliyim siyasət aparması, iki ölkə arasında əlaqələrin yumşalmasına səbəb ola bilər. Amma bunun olması üçün əvvəlcə İranın ortaya qoyduğu müəyyən şərtlərə əməl olunmalıdır. Ən başlıca şərt isə ABŞ tərəfindən tətbiq edilən sanksiyaların aradan qaldırılmasıdır. Düşünürəm ki, bu sanksiyalar aradan qalxarsa, İran nüvə proqramı ilə bağlı razılaşma şərtlərinə də əməl edə bilər. Həmçinin, gələcəkdə iki ölkə arasında yeni əlaqələrin təməlinin qoyulmasına da şahid ola bilərik”.

Mahir Xəttab \ Redaktor.az