ABŞ Azərbaycanla bağlı önəmli qərar verə bilər - MÜHARİBƏDƏN SONRA...

""Tramp hakimiyyəti 2 ay boyunca Azərbaycanın təcavüzünü sakitcə izlədi..."
ABŞ-ın yeni Dövlət katibi Entoni Blinken adından yayılan bu fikirləri Amerika Erməni Milli Komitəsinin direktoru Aram Hamparyan deyib, Dövlət katibi yox".
Redaktor.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli bildirib. O qeyd edib ki, E.Blinkenin söylədiklərində xoşagəlməz əsas məqam Azərbaycana ayrılan yardımlara yenidən nəzər salacaqları barədə dedikləridir:
"Bu, qarşılıqlı dialoqla çözülə biləcək bir məsələdir. Əslində ABŞ yardımlarının bizim üçün maddi yox, siyasi tərəfi önəmlidir. Çünki yardımın həcmi elə də böyük olmur.
Əgər yardımları Qarabağ məsələsi kontekstində, guya Azərbaycanın hansısa hüquqa zidd addımları səbəbi ilə dayandıracaqlarsa, onda postsovet məkanında aktivləşməyə hazırlaşdıqları indiki məqamda öz siyasətlərinə zərbə vurmuş olacaqlar. Çünki Rusiyanın təsirini məhdudlaşdırmaq və onu sıxışdırmaq istəyirlərsə, Azərbaycanla dostluğa və əməkdaşlığa da ehtiyacları var.
Yox, yardımın dayandırılmasını bizdəki insan haqları problemləri ilə əlaqələndirəcəklərsə, onda bu addımın müəyyən əsası olacaq, amma nə qədər səmimi olduqları da şübhə doğuracaq. Sual yaranacaq ki, niyə bu məsələ məhz indi, müharibədən sonra yada düşdü?"
Politoloq bildirib ki, xarici yardımlar hər hansı səbəb göstərilmədən də azaldıla və ya artırıla bilər:
"Bu, ötən illərdə dəfələrlə olub. Ümumilikdə Bayden və onun komandası naməlum, sirli fiqurlardan ibarət deyil. 8 illik Obama hökumətində hamısı vəzifə tutub. Ən ermənipərəst adlandıra biləcəyimiz şəxs Kerri idi, 4 il dövlət katibi oldu, nə etdiyi məlumdur. Lakin hazırkı dönəmin fərqli tərəfi odur ki, ABŞ-Türkiyə münasibətləri xeyli pisləşib və həm demokratlar, həm də respublikaçılar daxilində prezident Ərdoğana ciddi antipatiya və qıcıq yaranıb. Öz növbəsində Ərdoğanın son illərdə apardığı siyasət Türkiyəni Vaşinqtondakı ənənəvi dostlarından (yəhudi lobbiləri başda olmaqla) məhrum edib. Ona görə də, Konqresdə Türkiyə əleyhinə nə təklif olunsa, rahatlıqla keçir".
Mahir Xəttab / Redaktor.az