Cavad Zərifin Bakı səfəri: Çantasındakı təkliflər - MEHRİ DƏHLİZİ VƏ...

 13:17 23.01.2021     1002

"İranın Xairici İşlər naziri Cavad Zərifin yanvarın 24-də Azərbaycana səfəri iki ölkə arasında olan əlaqələrin inkişafı ilə bağlıdır".

Bunu Redaktor.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O, Cavad Zərifin Bakı səfərinin əhəmiyyətindən bəhs edib:

"İran 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə heç bir əks-mövqe sərgiləmədi. Təsadüfi deyil ki, Azərbaycan da İranın bu mövqeyini müsbət qarşıladı və məmnundur. Regionda Azərbaycanın yaratdığı yeni reallıqlar var. Buna görə də İranla Azərbaycan arasında müzakirəyə ehtiyac duyulan mövzular çoxdur. C.Zərifin bu səfərini əhəmiyyətli hesab edirəm".

Politoloq iranlı nazirin keçirəcəyi görüşlərdən də bəhs edib:

"C.Zərif səfər çərçivəsində azərbaycanlı həmkarı naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşəcək. İran XİN rəhbərinin Baş nazirin müavini Şahin Mustafayevlə görüşü heç də təsadüfi deyil. Çünki Baş nazirin müavini Mehri dəhlizinə aid həyata keçiriləcək işlərdə üçtərəfli komissiyanın üzvlərindən biridir. Göründüyü kimi, İran Mehri dəhlizi ilə bağlı maraqlıdır və prosesi yaxından izləyir. Tehran regionda yaradılacaq dəmiryol şəbəkəsinin bir parçası olmaq istəyir. İstənilən halda bu gün buna şərait var və reallaşması da mümkündür. Düşünürəm, hər iki ölkə üçün də C.Zərifin bu səfəri çox məhsuldar keçəcək".

Mahir Xəttab / Redaktor.az