Putinin sonu yaxınlaşır? - RUSİYADA VƏZİYYƏT DƏYİŞİR

 16:25 26.01.2021     703

" Aleksey Navalnın demokratik lider obrazı yoxdur, o, sadəcə ölkədə korrupsiyaya qarşı mübarizənin simvoludur. Lakin buna baxmayaraq, hakimiyyət daxilində ciddi fikir ayrılıqları dərinləşə və Putinin dayaqları zəifləyə bilər”.

Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsadullazadə Rusiyadakı etiraz aksiyaları haqqında danışarkən deyib. O bildirib ki, hazırda Rusiya cəmiyyəti dəyişikliyə hazır deyil:

"Qərb və  xalqın etirazlarını formalaşdıran güclər Putin hakimiyyəti üçün təhlükəli deyil. Aksiyalar sadəcə Rusiyada əhalinin siyasi cəhətdən hazırlıqlı olmasına gətirib çıxarır. Bundan da hərbi elita istifadə edərək, Putinə qarşı güc nümayiş etdirir. Çünki Putin hərbi və təhlükəsizlik orqanlarının hakimiyyətə gətirdiyi şəxsdir. Amma indi siyasi varis uğrunda hakimiyyət daxilində ciddi fikir ayrılıqları var".

Politoloqun fikrincə, Navalnıya müəyyən güc oraqanlarının dəstək verməsini Putinə təzyiq olaraq qiymətləndirmək olar:

“Rusiyada yeni inqilabın baş verməsi gözlənilmir. Əgər Belarusda etiraz aksiyaları baş tutub, Lukaşenko hakimiyyətdən getsəydi, Rusiyada da eyni ssenari mümkün idi. Amma bu il keçiriləcək Duma seçkilərində Putin üçün çətin bir mərhələ gözlənilir. Məsələ ondadır ki, Rusiyada siyasi hakimiyyət qutularda həll edilmir. Bu, hərbi elita tərəfindən müəyyən edilir. Yəni Navalnın etiraz aksiyaları ölkədə demokratik sistemin qurulmasına gətirib çıxarmayacaq”.

Mahir Xəttab \ Redaktor.az