İllinoys ştatında bəyannamə imzalanıb - XOCALI SOYQIRIMI

 11:29 18.02.2021     215

ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen  Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a bildiriblər ki, bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanıb. Bəyannamədə bildirilir ki, Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədilib və şəhəri tərk etməyə çalışan dinc sakinlər qırğına məruz qalıb. Erməni hərbçilər Xocalıda 613 nəfəri, o cümlədən, 106 qadını, 63 uşağı, 70 qocanı qətlə yetirib.

Sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbulunu, Azərbaycanın ərazi bütövlüyünü BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ evin dəstəklənməsi də xüsusi qeyd olunub.

Bəyanat Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və İllinoys ştatında yaşayan Azərbaycan icmasının təşəbbüsü il əldə edilib.