NATO Rusiyaya qarşı hərəkətə keçdi - ABŞ-ın ÇİN qorxusu...

 13:35 18.02.2021     927

NATO-nun Baş katibi Yens Stoltenberq dövlət və hökumət başçılarının bu ilin sonunda keçiriləcək toplantı zamanı Strateji Konsepsiyasını yeniləməyə dəvət edib. 

Baş katibin sözlərinə görə, NATO-nun 2010-cu ildəki Strateji Konsepsiyası yenilənməyi tələb edir, çünki vəziyyət dəyişib, Çinin yüksəlməsi və Rusiya ilə münasibətlərin pisləşməsi nəzərə alınmayıb.

Bu barədə Redaktor.az siyasi ekspert Elxan Şahinoğlunun fikirlərini öyrənib. Siyasi analitik qeyd edib ki, Rusiya və NATO münasibətləri 2014-cü ildən bəri pozulub və o dövrdən bəri Rusiyaya qarşı NATO, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən qoyulan sanksiyalar hələ də qüvvədə qalmaqdadır:

"NATO-nun Baş katibi Y.Stoltenberq bu günlərdə verdiyi açıqlamalarda Rusiyanı əsas rəqib kimi göstərib. Eyni zamanda ABŞ-ın yeni prezidenti Co Bayden iki rəqib ölkə adını çəkir: Rusiya və Çin. Amma yeni prezident elə hesab edir ki, Çin Avropa və ABŞ üçün Rusiyadan daha təhlükəlidir".

NATO və Çin münasibətlərinə ilə bağlı ekspert qeyd edib ki, Avropanın da Çinlə bağlı çoxlu sualları var:

"Çində insan haqları pozulur, uyğurlara əziyyət verilir, insanlar əmək düşərgələrində saxlanılır, dünyadakı yüksək texnologiyalar oğurlanır. Bütün bunlar Qərbdə ciddi suallar yaratsa da, ABŞ-dan fərqli olaraq, Avropa ölkələri Çinə qarşı sərt siyasət yürütmək tərəfdarı deyil".

Elxan Şahinoğlu həmçinin bildirib ki, münasibətlərdə stabilləşmə gözlənilmir:

"Nə qədər ki, Rusiya Krımı ilhaq altında saxlamağa davam edəcək, uzun müddət münasibətlər belə qalacaq.

Pəri Abbaslı / Redaktor.az