“Biz həm də strateji tərəfdaşlarıq” - SƏFİR

 15:14 27.03.2021     111

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Minskdə Belarus Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat verib.

“Əvvəla, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq və yüksək əməkdaşlıq dinamikasını qeyd etmək istəyirəm. Bu, tərifə layiqdir. Azərbaycan yaxın dostdur. Bunun səbəbi dövlətlərimizin prezidentləri arasındakı yaxşı münasibətlərdir”, - N.Koçanova deyib.

Sədr ticari-iqtisadi və siyasi əməkdaşlıq və humanitar əlaqələrin istifadə olunmamış böyük potensialının olduğunu qeyd edib: “Yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək üçün hər şeyi edəcəyik. 2020-ci ildə Belarus ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 1,5 dəfə artaraq təxminən 450 milyon ABŞ dolları təşkil etdiyini bildirməkdən çox məmnunuq”.

2020-ci ilin pandemiya səbəbindən passiv olduğunu xatırladan N.Koçanova hər şey yaxşı olacağını, sıx-sıx görüşlər keçiriləcəyini vurğulayıb.

“Belarus və Azərbaycan deputatlarının bütün təşəbbüslərini mütləq dəstəkləyəcəyik və onların həyata keçirilməsinə kömək edəcəyik. Hazırda azərbaycanlı həmkarlarımızın Belarusa səfərinin təşkili məsələsi üzərində işləyirik. Eyni zamanda ən yüksək səviyyədə səfərin təşkili üzərində iş gedir. Sizi bir daha inandırıram ki, tərəfimizdən bu əməkdaşlığın uzunmüddətli və səmərəli olması üçün hər şey ediləcək”, - N.Koçanova deyib.

Səfir Lətif Qəndilov görüşmək fürsətinə və ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyinə görə sədrə təşəkkür edib.

“Son 25 ildə ölkələrimiz arasında çox konstruktiv, məhsuldar və effektiv münasibətlər yaranıb. Dövlət başçıları onların xarakterini müəyyənləşdirdilər. Biz yalnız yaxın dost ölkələr deyil, həm də strateji tərəfdaşlarıq. Bu, münasibətlərimizin mahiyyətini dəyişdirir”, - səfir bildirib. //Report