Azərbaycan və Pakistan XİN başçıları görüşüb - FOTO

 16:34 30.03.2021     96

Bu gün Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Redaktor.az-a verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar.

Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2