"Qarabağda minalarla bağlı vəziyyət ağırdır" - HƏRBİ EKSPERT
Müharibələr tarixinin ən acınacaqlı statistikalarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Yaxın keçmişə nəzər salsaq, Birinci Qarabağ müharibəsindən tutmuş, Balkan savaşı, Əfqanıstan, İraq və Suriya müharibələrində minlərlə dinc sakinin hərbi məqsədlər üçün basdırılmış minaların qurbanı olduğunu görə bilərik.
Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Təbii ki, burada məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır. Minalı sahələrin xəritəsinin təqdim edilməməsi bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa, onların ölüm təhlükəsinin artmasına yönəlmiş hərbi cinayət sayıla bilər.
Hərbi eksapert Ramil Məmmədli Redaktor.az-a bildirib ki, Ermənistan minaladığı ərazilərin xəritəsini Azərbaycana heç vaxt verməyəcək:
“Birinci Qarabağ müharibəsində ümumiyyətlə minalanmış ərazilərin xəritəsi yox idi, bəzi ərazilər hələ birinci müharibə zamanı minalanıb. Hesab edirəm ki, bu məsələ beynəlxalq hüquq səviyyəsində həll olunmalıdır. Vəziyyət getdikcə daha da gərginləşir, mina təmizləmə prosesi çətinləşir. Bilirik ki, bu işlər çox vaxt tələb edir. Yaşayış məntəqələri, yol kənarı olan piyada hərəkət zolaqları humanitar minatəmizləmə prosesinə daxildir. Hesab edirəm ki, vəziyyətin daha da gərginləşməməsi üçün Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində məsələnin həllinə çalışmalıdır. Əks təqdirdə Ermənistanın hansısa humanist addım atacağını gözləmək inandırıcı deyil”.
Ramil Məmmədli bu mövzuda Azərbaycan vətəndaşlarının üzərinə düşən öhdəliklərin də olduğunu da vurğulayıb:
“Vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə hərəkət edərkən çox ehtiyyatlı olmalıdırlar. Maksimum şəkildə həmin ərazilərə getməkdən qaçınsınlar. İcazə verilməyən ərazilərə getmək, yaxınlarının məzarını ziyarət etmək kimi istəklərini hələ ki, arxa plana salsınlar. Özlərini təhlükəyə atmasınlar. İşğaldan azad olunmuş ərazidə hər bir daş, ağac ən potensial təhlükə mənbəyidir”.
Aysel Hacıyeva / Redaktor.az