Azərbaycan anti-terror əməliyyatına hazırlaşır? - XANKƏNDİDƏ SON VƏZİYYƏT

 11:14 20.04.2021     3065

Qarabağdakı separatçı-terrorçu rejim aprelin 16-da qondarma “hərbi xidmət və hərbi qulluçuların statusu haqqında qanuna” dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55 yaşa qaldırılıb.

Redaktor.az xəbər verir ki, sözdə "qanun"a olunan dəyişiklikdə qeyd edilib ki, 55 yaşa qədər erməni kişi və qadınlar separatçıların “peşəkar ordu” dediyi terrorçu qruplara qoşula bilər. 

Siyasi ekspert Asif Nərimanlı bu mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, dəyişikliyin iki səbəbi var.

Birincisi, Qarabağdakı “peşəkar ordu” adı altında formalaşdırılan silahlı qruplaşmada canlı qüvvənin çatışmazlığıdır;

İkincisi, Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasına hazırlıq gedir:

"Separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıblar. Bu qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, “peşəkar hərbi birliklər” yaratmaq istiqamətində iş aparılır. Belə qruplaşma erməni silahlı birləşmələrinin çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud hazırlıq getdiyi ehtimalını önə çıxarır.

Bu “dəyişiklik qərarı” fonunda Ermənistanda Baş nazir Nikol Paşinyanın orduda xidmət müddətinin azaldılmasını seçki vədləri sırasına daxil etməsi diqqət çəkir. O deyir ki, hərbi xidməti cəlbedici etməli, müddəti azaltmalıyıq, gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən bir 3 aylıq təlim yetərlidir.

Bu vəd müharibədən qorxan erməni valideynlərinin səsini qazanmaq üçün gedişidir. Ermənistanda hərbçi ailələrinin yaxınlarının Qarabağdan qaytarılması tələbi fonunda N.Paşinyanın erməni hərbi birləşmələrini seçki öncəsi çıxarmaqla əsgər validenyləri və hərbçi ailələrinin də səsini qazanmaq gedişi edəcəyi gözlənilən idi.

Ermənistan silahlı qüvvələrində ixtisarların aparılacağı, xüsusilə Qarabağdan çıxarılacaq hərbçilərlə müqavilələrin yenilənməyəcəyi xəbərləri fonunda N.Paşinyan səs itirməmək və opponentlərinin əlinə ittiham mövzusu verməmək üçün fərqli gediş edə bilər:

- Çıxarılma prosesi seçkidən sonra həyata keçiriləcək (Ermənistandakı seçkiləri maraqlarımız istiqamətində yönləndirmək istəyən Bakı ilə razılaşma mümkün görünür)

- Çıxarılma prosesinin rəsmi elanı seçkidən sonraya saxlanılacaq

Proseslərin inkişafının 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası istiqamətində olduğunu deyə bilərik və bunun reallaşması əlimizi gücləndirəcək:

1. Ermənistanın Qarabağda hərbi varlığına son qoyulması ilə rəsmi İrəvanın bölgəyə təsiri minimuma enəcək;

2. Azərbaycan separatçıların yaradacağı “hərbi birlikləri” qanunsuz silahlı qruplaşma elan edəcək, ölkə qanunvericiliyi və beynəlxalq hüquq buna imkan verir;

3. Azərbaycan Monitorinq Mərkəzində təmsil olunan Türkiyənin dəstəyi ilə rusların qarşısına şərt qoya bilər: qanunsuz silahlı qruplaşma ləğv edilməlidir, əks təqdirdə, ölkə sərhədləri daxilində anti-terror əməliyyatı keçirə bilərik;

4. Mümkün anti-terror əməliyyatında qarşımızda 50-55 yaşlı əlisilahlı terrorçular olacaq;

Ən vacibisi isə Ermənistanın Qarabağdakı hərbi mövcudluğunun başa çatması Azərbaycanın Xankəndində idarəçiliyinin təmin edilməsi istiqamətində addımlarının önünü aça bilər".

Aysel hacıyeva / Redaktor.az