Xankəndi Azərbaycana təhvil verilir - "BUNUNLA BAĞLI İŞ GEDİR VƏ..."

 12:40 21.04.2021     2232

Xankəndidəki separatçıların “deputatı” Metakse Hakopyan ermənilərin Qarabağı tərk etdiyini deyib. O, İkinci Qarabağ müharibəsindən sonra Qarabağdakı ermənilərin sosial məsələlərinin həll olunmadığını, əhalinin tədricən gələcəyə ümidini itirdiyini, əksəriyyətin getmək haqqında düşündüyünü vurğulayıb.

Redaktor.az-a açıqlama verən siyasi ekspert Asif Nərimanlı da müharibədən sonra Qarabağa qaytarılan ermənilərin ciddi sosial problemlərinin olduğunu bildirib:

“Maliyyə mənbələri azalıb, mənzil problemləri var, xüsusilə işğal dövründə kənd təsərrüfatı ilə məşğul olan təbəqə hazırda işsizdir. Oradakı vəziyyətlə bağlı yayılan xəbərlər də erməni əhalisinin Qarabağda yaşamaq perspektivi görmədiyini deməyə əsas verir. Qayıdanların bir qismi verilən sosial yardımları alaraq, yenidən Ermənistana gedirlər”.

Ekspert yaxın zamanda erməni əhalisinin bölgəni tamamilə boşaltmasının baş verməyəcəyini vurğulayıb:

“Burada iki gözlənti var. Birincisi, ermənilər tezliklə Azərbaycan vətəndaşlığını qəbul edib, bizim dövlətin idarəçiliyi altında normal yaşayacaqlar. Bu halda onları yaxşı həyat gözləyir.

İkincisi, sülhməramlıların nəzarətindəki bölgələrin Azərbaycan idarəçiliyinə keçməsi gecikdicə, ermənilərin bölgəni tərk etməsi sürətlənəcək. Çünki maliyyə mənbələri tükənib, sosial rifah getdikcə daha da pisləşir. Sanksiyalara məruz qalan Rusiya da bir müddət sonra onları maliyyələşdirmək istəməcək. Bu halda ermənilərin tamamilə çıxıb getməsi qaçılmaz olacaq, xüsusilə gənc və orta nəsil bu şərtlərdə yaşamaq istəmir".

Xankəndi, Xocavənd və Xocalıda idarəçiliyin Azərbaycana keçməsi mövzusuna toxunan A.Nərimanlı bildirib ki, bunun üçün əvvəlcə 10 noyabr razılaşmasının 4-cü maddəsinin – erməni qoşunlarının Qarabağdan tamamilə çıxarılması həyata keçirilməlidir. 

“Bu məsələ üzərində iş getdiyi haqda məlumatlar var. Sözügedən maddə yerinə yetiriləndən sonra Qarabağdakı separatçılar Rusiyanın dəstəyi ilə “dövlət” kimi qalmaq istəyirlər, lakin bu mümkün olmayacaq. Çünki Azərbaycan qanunvericiliyi və beynəlxalq qanunvericilikdə onlar terrorçulardır. Rusiya separatçılardan müyyən məsələlərdə razılaşmaq üçün Azərbaycan və Türkiyəyə qarşı kart olaraq istifadə edir. Fikrimcə, hazırda Bakı və Ankaranın gündəliyində Zəngəzur dəhlizinin reallaşması və 4-cü maddənin icra edilməsi var. Proseslərin inkişafı bu iki məsələnin tezliklə reallaşacağı yönündədir. Ondan sonra Xankəndidə Azərbaycan idarəçiliyinin qurulması istiqamətində addımlar atılacaq. İlkin dövrdə güman ki, Azərbaycanın xüsusi nümayəndəsi bölgədə olacaq, daha sonra tədricən istədiyimizə nail olacağıq”.

Aysel Hacıyeva / Redaktor.az