Zəngəzur istiqamətində nə baş verir? - ATƏŞ SƏSLƏRİ, CAVAB...

 11:05 23.04.2021     1038

“Belə halların baş verəcəyi öncədən bəlli idi. Çünki noyabr ayının 10-da atəşkəsin təmin olunması ilə bağlı imzalanan bəyanatdan sonra Ermənistan tərəfində narahatlıq var. Onların bu narahatçılığı məğlubiyyət sindromu ilə bağlıdır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən tərəfinin törədiyi təxribatlar haqda hərbi ekspert Ramil Məmmədli bildirib. O qeyd edib ki, Ermənistanda hələ də vəziyyəti gərginləşdirmək, hərbi əməliyyatlar aparmaq istəyən müəyyən şəxslər var. Həmin şəxslər orduda kök atıblar. Ermənistan ordusunun bölmələrinin Azərbaycan tərəfinə atəş açması bununla bağlıdır:

“Onların içkili vəziyyətdə atəş açmaları hələ müəmmalı məsələdir. Bu, inandırıcı deyil, ola bilsin ki, Rusiya tərəfi vəziyyətin gərginləşməməsi üçün Azərbaycana belə məlumat təqdim edib".

Qeyd edək ki, ötən gün Dövlət Sərhəd Xidməti düşmən təxribatı ilə bağlı məlumat yayıb. 

"Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilmişdir.

Həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir", - deyə məlumatda qeyd olunub.