Azərbaycan-ABŞ münasibətləri necə olacaq? - EKSPERT RƏYİ
ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsindən sonra Türkiyə-ABŞ münasibətlərinin bundan sonra necə olacağı barədə suallar yaranıb.
Millət vəkili Arzu Nağıyev Redaktor.az-a bildirib ki, Co Baydenin açıqlamasında əsas məqam siyasi məsələlərdir. Tarixi araşdırmadan, ortaya faktlar qoymadan, sadəcə emosiyalara qapılaraq siyasi addımlar atmaqla qondarma "erməni soyqırımı"nı tanımaq özü tarixi səhvdir:
“Bu gün həm beynəlxaq, həm də regional baxımdan Ermənistandan vasitə kimi istifadə edilir. Ermənilər özləri də fikirləşməlidirlər ki, hansısa ölkənin prezidenti "soyqırım" ifadəsi işlədirsə, bunun hansı hüquqi əsası var?
Məlum məsələdir ki, bu bəyanat ABŞ hökuməti səviyyəsində qəbul olunmayacaq. Erməni lobbisinin təsirindən istifadə etmək üçün belə addımların atılması heç Ermənistanın özünə də sərf etmir.
Əksinə, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması Ermənistana həm iqtisadi, həm də siyasi tərəfdən çox ciddi divident gətirə bilər. Bütün proseslərdə yenə də uduzan Ermənistandır".
Azərbaycan-ABŞ münasibətlərindən danışan deputat bildirib ki, Co Baydenin bəyanatı o demək deyil ki, iki ölkə arasında bir sıra istiqamətlərdə tərəfdaşlıqda hər hansı bir ciddi dəyişiklik baş verəcək. Həmçinin, bunu Türkiyə-ABŞ münasibətlərinə də şamil etmək olar:
“Tərəflər arasında müəyyən narazılıqlar, hansısa siyasi gedişlər olsa da, ümumilikdə ABŞ regionda Türkiyə kimi tərəfdaşını itirməyəcək. Bu proses Ermənistanı yenidən problemlərlə üz-üzə qoyacaq səhv addımdır”.
Aysel Hacıyeva / Redaktor.az