Prezident və birinci xanım Cəbrayıl və Zəngilanda olublar

 14:29 27.04.2021     739

Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəldilər.

Prezident İlham Əliyev: Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.